
2025-ci ilin ötən dövrü ərzində meşə və təbiət ərazilərinə yaxın sahələrdə 83 yanğın hadisəsi baş verib ki, bunun da 15-i sonradan meşə torpaqlarına, 2-si isə xüsusi mühafizə olunan təbiət ərazilərinə keçib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumat yayıb.
Qeyd edilib ki, son günlər havaların isti və quraq keçməsi meşə və digər yaşıllıq ərazilərdə yanğın riskini artırıb:
Bildirilib ki, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət ərazilərində yanğın riskinin minimuma endirilməsi məqsədilə nazirlik tərəfindən bir sıra qabaqlayıcı və profilaktik tədbirlər görülür.
"Hər il olduğu kimi bu il də yanğın əleyhinə qoruyucu mineral zolaqlar çəkilib, nəzarət postları, müşahidə qüllələrinin sayı artırılıb, könüllü yanğınsöndürmə dəstələri formalaşdırılıb. Eyni zamanda Fövqəladə Hallar Nazirliyi ilə birgə regional müşavirələr keçirilib, yanğın təhlükəsizliyinə dair praktiki və maarifləndirici təlimlər təşkil olunub. Qeyd edək ki, hazırda müşahidə olunan isti və quraq hava şəraiti səbəbindən təbiət əraziləri, yaşıllıqlar, o cümlədən otlaq sahələri, meşə massivləri yanğına daha həssasdır", - deyə məlumatda qeyd edilib.
Bütün bunları nəzərə alaraq, ETSN vətəndaşlara, xüsusilə də, təbiət ərazilərinə yaxın kəndlərin əhalisinə, fermerlərə və turistlərə müraciət edərək təbiət ərazilərində olarkən açıq alovdan istifadə etməməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağı çağırıb.
Biçindən sonra sahələrə od vurulmamalı, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməlidir.