COVID-19 xəstələrinin bir çoxu həm də qoxu və dad hissinin itməsindən şikayətlənir. Bəziləri isə koronavirusdan sağalsalar da, qoxu, dad hissinin bərpa olunmadığını və ya gec bərpa olunduğunu bildirirlər. Bu halda müxtəlif üsullara əl atılır.
RegionTV.info "e-tibb.az"-a istinadən bildirir ki, daha bir mütəxəssis bu barədə danışıb. Rusiyadan olan ali dərəcəli otorinolarinqoloq (LOR) Vladimir Zaytsev deyib ki, koronavirus infeksiyasına yoluxanlardan dad itkisini spirt, acika, xardal, istiot və digər qıcıqlandırıcı məhsullardan istifadə edərək aradan qaldırmağa çalışanlar var. Onun sözlərinə görə, bir çoxları kəskin iyi, dadı olan ədviyyatları, digər məhsulları (məsələn, limonu) dilin üzərinə qoymaqla buna nail olmağa çalışır. Həkim bildirib ki, onlar bununla yalnız selikli qişanı qıcıqlandırırlar, iltihab yaradırlar.
O, dad hissiyyatının sürətli bərpası üçün tam əksini etməyi tövsiyə edib. Həkim əslində dietə keçməyi, qıcıqlandırıcı yeməklərdən, ədviyyatlardan imtina etməyi məsləhət görüb. Mütəxəssis deyib ki, bu, selikli qişanın şişməsini aradan qaldırmağa kömək edəcək. Onun sözlərinə görə, bu halı aradan qaldırmağa antihistaminlər də kömək edə bilər.
Qoxu duyğusuna gəlincə, həkimlər bildirirlər ki, qoxunu ayırd etməyə cavabdeh olan reseptorların yerləşdiyi burunun həssas epiteli təbəqəsi öz-özünə bərpa olunur. Bu, sağalanların da qeyd etdiyi kimi, 2-3 ay çəkə bilər. Qeyd olunur ki, prosesi B qrup vitaminləri qəbul edərək sürətləndirmək olar.
Xəbəri paylaş