Almaniyanın “Frankfurter Rundschau” qəzeti Rusiya Federasiyasının vətəndaşı, milliyyətcə tatar olan gənc riyaziyyatçı Azat Fənis oğlu Miftaxovun həbsi ilə bağlı yazı dərc edib.
RegionTV.info "novator.az"-a istinadən xəbər verir ki, "Azat Miftaxov: sınan pəncərəyə görə 6 il həbs” başlıqlı yazıda qeyd olunur ki, Rusiya ədliyyəsi 27 yaşlı riyaziyyatçını uydurma ittihamla həbsə atıb.
Bildirilir ki, Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı Azat Miftaxov beynəlxalq konfranslarda istedadı ilə şöhrət qazanmış bir elm adamıdır. Eyni zamanda o, Rusiyanın indiki hakimiyyətinə müxalif düşüncədə olan gəncdir.
Azat Miftaxov 2019-cu ilin fevral ayının 1-də tutulub. Gənc riyaziyyatçı anarxist təşkilata qoşulmaqda, partlayıcı maddə hazırlamaqda ittiham olunub. Amma o, işgəncələr altında da günahkar olmadığına israr edib. Bir həftə sonra azadlığa buraxılıb.
İstintaq təcridxanasından çıxan kimi Miftaxovu yenidən tutublar:
“Budəfəki ittiham belə olub. Guya o, xuliqanlıq edib, 2018-ci ildə hakim Vahid Rusiya Partiyasının binasının pəncərəsini sındırıb və içəri tüstü şaşkası atıb. İki il dəmir barmaqlıqlar arxasında qalan Azat Miftaxova 2021-ci ilin yanvarında paytaxt Moskvanın Qolovinski Rayon Məhkəməsi 6 il həbs cəzası kəsib. Miftaxovun müdafiəçisinin dediyinə görə, hökm artıq həyatda olmayan məxfi şahidin ifadəsinə əsaslanıb”.
Moskvanın “Memorial” İnsan Hüquqları Mərkəzinin nümayəndəsi Sergey Davidis “Frankfurter Rundschau” nəşrinə açıqlamasında Miftaxova çıxarılan hökmü Rusiyadakı özbaşınalığa, məhkəmələrin sifarişlə oturub-durmasına, siyasi repressiyalara növbəti bariz nümunə kimi qiymətləndirib.
Bu həbsin bütün dünyada narazılıqla qarşılandığını qeyd edən qəzet yazır ki, Fransa və Rusiyanın 47 nüfuzlu alimi 2022-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilməsi planlaşdırılan Beynəlxalq Riyaziyyatçılar Konqresinin təşkilatçılarına müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, Azat Miftaxovun həbs olunduğu bir ölkədə belə bir tədbirə qatılmaq çox çətin məsələdir.
“Frankfurter Rundschau” qəzeti alimlərin Azat Miftaxovun azadlığa buraxılması xahişinin cavabsız qaldığını da qeyd edir.
Xəbəri paylaş