
Azərbaycan Prezidenti “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib. Dünən təsdiq olunan dəyişikliklərə əsasən, daha tez pensiya çıxan vətəndaşlarımızın pensiyaları güzəşt müddətində dövlət büdcəsi hesabına ödəniləcək. Yəni çoxuşaqlı ailələrdə güzəştli şərtlərlə qadınlar, bəzi hallarda isə atalar 5 il tez pensiyaya çıxacaqlar. Bu hallarda analar 59, atalar isə 60 yaşda pensiyaya çıxa bilərlər.
İqtisadçı deputat Vüqar Bayramov bildirib ki, həmin vətəndaşların güzəştli şərtlərlə pensiya aldıqları müddətdə ödənişləri artıq dövlət büdcəsindən ödəniləcək.
"Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsində uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləği, bundan başqa, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği, həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən olunub, tətbiqi 2025-ci il yanvarın 1-dən nəzərdə tutulur. Yəni həmin vətəndaşlarımızın pensiya təminatı dövlət büdcəsi hesabına həyata keçiriləcək".