
İyunun 13-də başlayan İran və İsrail arasındakı silahlı toqquşma nəticəsində hər iki tərəfdə insan tələfatı və genişmiqyaslı dağıntılar qeydə alınıb.
Münaqişə altıncı gününə qədəm qoyarkən ölən və yaralananların sayı artmaqda davam edir.
Rəsmi Tehran bildirir ki, hücumların başladığı gündən bəri 224 nəfər həlak olub. Ölənlərin əksəriyyəti mülki şəxslərdir. İsrailin həyata keçirdiyi hava zərbələri nəticəsində İranın bir neçə yüksək rütbəli hərbi komandiri və aparıcı nüvə alimləri öldürülüb. Eyni zamanda, yaşayış binaları və mühüm infrastruktur obyektləri dağıdılıb.
Paytaxt Tehranda minlərlə insan evlərini tərk edib. Şəhərdə partlayış səsləri eşidildiyi, hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyi bildirilir.
İranın nüvə obyektləri də zərbələrə məruz qalıb. eynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi BBC-yə açıqlamasında bildirib ki, Natanz obyektinə ciddi ziyan dəyib və təqribən 15 min sentrifuqanın məhv edildiyi ehtimal olunur. Lakin Fordo nüvə mərkəzi əsasən salamat qalıb.