Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) Mətbuat xidmətinin məlumatına görə, bu barədə partiyanın sədri Əlisahib Hüseynov açıqlama verib.
DADP sədri bildirib ki, partiyanın növbəti, 6-cı qurultayı avqustun 22-də keçiriləcək. Qurultayın vaxtı COVID-19 pandemiyası ilə əlaqədar karantin dövrünə təsadüf etdiyinə görə videokonfrans formatında keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq partiyanın IT qrupu artıq bir neçə müddətdir ki, hazırlıq işləri aparır.
Əlisahib Hüseynov bildirib ki, o, qurultayda hesabat məruzəsi ilə çıxış edəcək və ölkədəki mövcud ictimai-siyasi durum, siyasi islahatlar, yeni siyasi konfiqurasiyanın formalaşması, Dağlıq Qarabağ problemi, Türkiyə-Azərbaycan hərbi-siyasi əlaqələrinin genişlənməsi məsələlərinə münasibət bildirəcək, eləcə də partiyanın qarşısında duran vəzifələr barədə danışacaq.
Qurultay ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlər üzrə bəyanatlar, işçi sənədlər və Qətnamələr qəbul edəcək.
Qurultayda həmçinin təşkilati məsələlərə baxılacaq, partiyanın adının dəyişdirilməsi barədə qərar qəbul ediləcək, partiyanın Nizamnaməsi və rəmzləri ilə bağlı dəyişikliklər həyata keçiriləcək.
Partiyanın sədrliyinə namizədlərin irəli sürülməsi məsələsinə toxunan Əlisahib Hüseynov qeyd edib ki, hazırda yalnız bir nəfərin namizədliyi irəli sürülüb:"Mən öz namizədliyimi irəli sürməklə bağlı qərar vermişəm. Başqa namizədlər yoxdur".
Qeyd edək ki, DADP-nin bundan əvvəlki qurultayı 4 mart 2013-cü ildə keçirilib.