"SOCAR-da kütləvi ixtisarlara hazırlıq gedir. Yanvarın 23-də "Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" fərman imzalayıb. Fərmana əsasən, SOCAR fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün bu qurumun Müşahidə Şurası yaradılıb".
RegionTV.info "Bakupost.az"-a istinadən bildirir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu "Facebook" hesabında yazıb. Qeyd edib ki, Müşahidə Şurası Azərbaycan Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla 7 üzvdən ibarətdir:
"İqtisadiyyat naziri Mikayıl Cabbarov Müşahidə Şurasının sədri, birinci vitse-prezidentinin köməkçisi, Emin Hüseynov, Dövlət Neft Fondunun İcraçı direktoru, İsrafil Məmmədov, Energetika nazirinin müavini, Elnur Soltanov, Maliyyə nazirinin müavini, Azər Bayramov, İqtisadiyyat nazirinin müavini, Rövşən Nəcəf, Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktoru, Ruslan Əlixanov Müşahidə Şurasının üzvləri təyin edilib.
Proqnozlarım özünü doğrultmaqdadır. Müşahidə Şurasının yaranması özlüyündə korporativ idarəetmə modelinin təşəkkül tapması üçün vacib institutdur. Təbii ki, belə Şura nominal deyil, maraq qruplarının gerçək təmsilçiləri əsasında formalaşdırılır. Görünür, bundan sonra SOCAR-ın yenidən strukturlaşdırılması və səhmləşdirilməsi istiqamətində fəaliyyətlər həyata keçiriləcək. Bunlar SOCAR-a yeni sərmayələr cəlb etmək üçün lazımdır. Bu məqsədlə qazın qiymətinin bahalaşdırılacağı da ehtimal olunur. Yaxın zamanlarda SOCAR-da kütləvi ixtisarlar da gözlənilir".
İqtisadçı bildirib ki, hazırkı SOCAR ən tez 2022, ən gec 2023-də batacaq. Yeganə çıxış yolu idarəetmənin effektlivliyinin, şəffaflığın və hesabatlılığın artırılması və səhmləşdirmədədir.
Xəbəri paylaş