Ermənistanın işğalından azad edilən rayonlarda yerləşən Azərbaycan Ordusunun təminatının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir.
RegionTV.info xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi və “Bravo” supermarketlər şəbəkəsinin təşkilatçılığı ilə bir neçə aydır davam edən dəstək aksiyası çərçivəsində Qubadlı rayonunda xidmət edən hərbi qulluqçulara zəruri ərzaq məhsulları göndərilib.
2399 bağlama Qubadlı rayonunda müxtəlif istiqamətlər üzrə əsgərlərə çatdırılıb. Ərzaq yardımı Xocavənd rayonundakı hərbi qulluqçular üçün də göndərilib. 2700-ə yaxın bağlama fərdi qaydada onlara təqdim olunub. Hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılması işləri davamlı olacaq.
Növbəti günlərdə işğaldan azad olunan digər ərazilərə də səfərlər təşkil ediləcək.
Avtosfer.az