Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daşkəsən rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi böyük ehtiramla anılıb FOTO

Fevralın 26-da Daşkəsən Rayon İcra Hakimiyyətinin akt zalında keçirilmiş Xocalı soyqırımının 33-cü ildönümnə həsr olunan toplantıda RİHBA-nın və YAP rayon təşkilatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün Vətən övladlarının, o cümlədən Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Məruzə və çıxışlarda erməni qəsbkarlarının azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdiyi etnik təmizləmə siyasətindən, o cümlədən Xocalı soyqırımının ağır nəticələrindən bəhs edilib. Erməni işğalçı qüvvələrinin Xocalıda törətdikləri kütləvi qırğının sülh və insanlıq əleyhinə yönələn əməl olduğu və ən ağır beynəlxalq cinayət sayıldığı qeyd olunub, soyqırımı aktına ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyi vurğulanıb. Xatırladılıb ki, 1994-cü ildə Xocalı soyqırımı ilə əlaqədar  Ulu Öndər Heydər Əliyev xüsusi Fərman imzalayıb və onun təşəbbüsü ilə Milli Məclisin  “26 fevral - Xocalı soyqırımı günü haqqında” qərarı qəbul edilib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.
Diqqətə çatdırılıb ki, amansız soyqırımı qurbanlarının xatirəsi xalqımız tərəfindən heç zaman unudulmur, bu bəşəri cinayət barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən məqsədyönlü tədbirlər görülür. Heydər Əliyev Fondunun Xocalı faciəsinin tanıdılması və faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi sahəsində apardığı işlər ildən-ilə daha da genişlənir. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti hörmətli Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur. Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmişdir. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək, qətiyyətlə pisləmişdir.
Həmçinin bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 44 günlük Vətən müharibəsində misilsiz igidlik, şucaət və rəşadət göstərən qəhrəman Ordumuz Xocalı soyqırımı qurbanlarının da qisasını döyüş meydanlarında aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi, işğal sona çatdı, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini tam bərpa etdi. 15 oktyabr 2023-cü il tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Xocalıda Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması tarixi ədalətin təntəsəni oldu. Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun düşmən üzərində qazandığı tarixi Zəfərin sevincini və qürurunu yaşayır. Artıq Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramına uyğun olaraq sürətlə bərpa-quruculuq işləri icra edilir. Həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində respublikamızın müxtəlif şəhər və rayonlarında müvvəqəti məskunlaşan Xocalıdan olan keçmiş məcburi köçkünlərin də öz tarixi ata-baba yurdlarına qayıdırlar. Xocalının dirçəlməsi istiqamətində atılan addımlar Azərbaycan xaqının tarixi ədaləti bərpa etmək yolundakı mübarizəsinin ayrılmaz tərkib hissəsidir.   


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də