
Azərbaycan su qıtlığı baxımından risk qrupuna daxil olan ölkələr sırasındadır.
Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müavini Cabbar Cabbarlı "Su aydınlıqdır" adlı tədbirdə deyib.
O bildirib ki, dünyada su qıtlığının yaranacağı ilə bağlı proqnozlar əsaslıdır və bu, qlobal istiləşmənin nəticəsidir.
Onun sözlərinə görə, Azərbaycanın su ehtiyatlarının təxminən 70 %-i xarici mənbələrdən gələn sular hesabına formalaşır ki, bu da ölkənin su qıtlığı riski ilə üzləşməsinə səbəb olur: “Bu riskləri nəzərə alaraq, ölkə başçısı tərəfindən mütəmadi tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də 2024-cü ildə su strategiyasının hazırlanması ilə bağlı verilmiş fərmandır”.
O qeyd edib ki, agentlik olaraq bu istiqamətdə fəaliyyətini üç mərhələdə həyata keçirir: “İlk olaraq, mövcud sistemin təkmilləşdirilməsi və problemlərin həlli üçün təkliflər hazırlanır. Daha sonra bu təkliflər icra olunur və yekun mərhələdə ölkə əhalisinin təmiz, keyfiyyətli su ilə təmin edilməsi əsas prioritetlərimizdən biridir”