
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondunun birgə layihəsi olan “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu çap olunub. Fotoalbom Ermənistanın Qarabağ və Şərqi Zəngəzurun işğalı müddətində (1992-2023-cü illər) Azərbaycanın mədəni irsinin dağıdıldığı çoxsaylı vandalizm aktlarına və dağıntılara işıq salır. Fotoalbomun tərtibatçısı məşhur fotoqraf Reza Deqatidir.
Əsasən beynəlxalq auditoriya üçün nəzərdə tutulan fotoalbomda Qarabağ ərazisində yerləşən, tarixin səssiz şahidləri olan məhv edilən və dağıdılan mədəni irs nümunələrinin işğaldan əvvəlki və işğaldan sonrakı fotoları yer alıb. Albomdakı fotolar tarixi faktlar olmaqla yanaşı, mədəniyyətin məhv edilməsinin ağır nəticələrini və onun bərpasının vacibliyini önə çıxarır.
Qeyd edək ki, Azərbaycanın tarixi torpaqlarının 30 ilə yaxın davam edən işğalı zamanı minlərlə tarixi mədəniyyət abidəsi - dini abidələr, qədim daş heykəllər, muzeylər, tarixi memarlıq dəyərinə malik yaşayış binaları xarabalığa çevrilib. Talan edilən və ya dağıdılan abidələrə 78 məscid, 22 muzey, 808 istirahət obyekti, 4 rəsm qalereyası, 4 teatr, 2 konsert salonu, 9 tarixi saray və 700-dən çox kitabxana daxildir. İşğal dövründə hətta qəbirlər murdarlanıb, dəfn olunan mərhumların qalıqları vandalizmə məruz qalıb.
Bütün bu vəhşiliklərin məqsədi Qarabağda və ətraf ərazilərdə azərbaycanlıların minilliklər boyu yaşayan mədəni irsinin izlərini silmək idi. Dağıdılan mədəni irs arasında Aşağı və Yuxarı Gövhər Ağa, Köçərli və Mardinli Cümə məscidləri kimi dini tikililərdə inək və donuz tövlələrinə çevrilmiş, məşhur Azərbaycan şairi Xurşidbanu Natəvanın saray kompleksi, böyük Azərbaycan şairi və vəziri Qarabağ xanı Molla Pənah Vaqifin məqbərəsi, Qarabağ xanlığının banisi və ilk xanı Pənah Əli xan Cavanşirin Ağdamdakı sarayı, Böyük bəstəkar və müsəlman Şərqində ilk operanın müəllifi Üzeyir Hacıbəylinin və peşəkar vokal sənətinin banisi Bülbülün ev-muzeyləri dağıdılıb, yararsız vəziyyətə salınıb. Dünyada ilk insan məskənlərindən hesab olunan Azıx və Tağlar mağaralarından hərbi məqsədlər üçün istifadə olunub. Dağıdılan bu abidələrin hər biri Azərbaycan xalqının tarixi, mədəniyyəti, mənəviyyatı ilə sıx bağlıdır. İşğal zamanı təkcə İslam dini abidələri deyil, həm də Qafqaz Alban Apostol Kilsəsi və Pravoslav Xristian abidələri də erməni vandalizminin və saxtakarlığının hədəfinə çevrilib.
İşğal altında qalmış ərazilərimizdə tarix və mədəniyyət abidələrinin məqsədyönlü şəkildə məhv edilməsi, onların etnik və hətta dini mənşəyinin qəsdən saxtalaşdırılması və mənimsənilməsi beynəlxalq humanitar hüquqa və müvafiq beynəlxalq hüquqi sənədlərə ziddir. “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının, “Dünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il konvensiyasının açıq şəkildə pozulmasıdır.
“Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu Azərbaycanın qədim mədəni irsinin silinməsinə yönələn düşünülmüş siyasəti ifşa etmək məqsədi ilə nəşr olunub. Fotoalbom Ermənistanın Azərbaycanın maddi-mədəni irsinə qarşı törətdiyi cinayətlərin yalnız bir hissəsini əhatə edir.
İngilis dilində nəşr olunan fotoalbom müharibələrin sülhə, inkişafa və bəşəriyyətə verdiyi acı nəticələr haqqında düşünməyə vadar edir. Fotoalbom dağıdılan mədəni irsi, onun qorunmasının vacibliyini vurğulayaraq beynəlxalq ictimaiyyətin diqqətini çəkmək və bu isiqamətdə qlobal həmrəyliyi təşviq etmək üçün mühüm vasitəsidir.