Azərbaycanda dekapitasiya (canlı məxluqun başının kəsilməsi) izləri olan son tunc - erkən dəmir dövrünə aid yeganə tapıntı ilə bağlı tədqiqat aparılıb.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan RegionTV.info-ya verilən məlumata görə, İnstitutun Antropologiya Mərkəzinin aparıcı elmi əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Dmitriy Aleksandroviç Kiriçenkonun “Azərbaycanın cənubunun qədim tayfalarında damğalama və dekapitasiya” adlı məqaləsində Arvana 1 saylı kurqanından olan antropoloji material nəzərdən keçirilib. Kurqan Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Anar Ağalarzadə tərəfindən 2019-cu ilin avqustunda Azərbaycan Respublikasının Yardımlı rayonunun Arvana kəndi yaxınlığında aşkar edilib və tədqiq olunub. Kurqanın mərkəzində daş qutu tipli qəbir aşkar edilib. Daş qutu qəbirdə 8 keramik qab, tunc üzük, tunc xəncər və rapira tipli tunc qılınc tapılıb. Dəfn predmetləri Xocalı-Gədəbəy və Talış-Muğan arxeoloji mədəniyyətlərinə aiddirlər.
D.A.Kiriçenko avropeoid irqinə mənsub hiperdolixokran kişi kəlləsini tədqiq edib. Kəllədə damğalama və dekaptasiya izləri qeyd olunub.
Kurqanda dəfn olunmuş fərdin başı doğrayıcı soyuq silahın zərbəsilə kəsilib. Kurqanda indinin özündə belə, çox iti olan rapira tipli qılınc da qeyd edilib. Azərbaycanda 1 saylı Arvana kurqanından olan tədqiq edilmiş kəllə hazırda Azərbaycan ərazisində dekapitasiya izləri olan son tunc - erkən dəmir dövrünə aid yeganə tapıntıdır.
Xəbəri paylaş