Prezident İlham Əliyev Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun imzalayıb.
Qanuna əsasən, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə məcburi yerləşdirilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin azad edilməsi qaydaları müəyyənləşib.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mərkəzdə saxlanılması müddəti onların orada yerləşdirilməsi barədə qərara uyğun olaraq qəbul edildikləri andan hesablanacaq.
Həmçinin, mərkəzdə saxlanılanların yerləşdirilməsi müddətinin uzadılması, yaxud azad edilməsi haqqında qərar ora daxil olduqda dərhal icra edilməlidir.
Məcəlləyə əlavə edilən maddələrə görə, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Mərkəzdə yerləşdirilməsi barədə qəbul edilmiş qərarda müəyyən olunmuş müddət başa çatdıqda və bu müddət uzadılmadıqda mərkəzin rəisi müvafiq qərar olmadan protokol tərtib edəcək və bu barədə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin orada məcburi yerləşdirilməsi barədə qərar qəbul etmiş vəzifəli şəxsə və ya hakimə məlumat verməklə şəxsi azad edəcək.
Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.