Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Oğlumun qatilinin edamında iştirak edəcəm - Orxanın atası İrana GEDƏCƏK

Oğlumun qatilinin edamında iştirak edəcəm - Orxanın atası İrana GEDƏCƏK

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə terror hücumundan 2 il ötür. 27 yanvar 2023-cü il tarixində səfirliyimizə hücum edən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Orxan Əsgərov Bakıdakı İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qatil barəsində ölüm hökmü çıxarılsa da, iki il boyunca icra edilməyib. Hətta bu yaxınlarda onun işi prokurorluğa geri qaytarılıb. Nəhayət iki il sonra edam hökmü Ali Məhkəmə tərəfindən təsdiq olunub. Hökm icra üçün Tehran məhkəməsinə göndərilib.

Qətlə yetirilən mühafizə xidmətinin rəisi Orxan Əsgərovun atası Rizvan Əsgərovla əlaqə saxlayıb.

Saytımıza açıqlamasında o bildirib ki, edamla bağlı qərar sayəsində az da olsa, təskinlik tapıb:

“İki ildir bu hökmün verilməsini gözləyirdik. Nəhayət bir neçə gün əvvəl mətbuatda belə bir məlumat yayıldı ki, qatilin ölüm hökmü Ali Məhkəmə tərəfindən təsdiq olunub. Ağrı hər zaman ürəyimizdə qalacaq. Sadəcə,  övladımın qatili layiqli cəzasını alıb deyə insanın ürəyində biraz yüngüllük hissi yaranır. Hökmün nə zaman icra olunacağı bu ölkənin hüquq-mühafizə orqanlarının işidir. Yəqin ki, bizə məlumat veriləcək”.

R.Əsgərov oğlunun qatilinin edamını izləmək üçün İrana gedəcəyini deyib:

“Oğlumun qatilinin edamında iştirak edəcəm. Mən yenə deyirəm, qatil edam olunarkən onun gözlərinin içinə baxmaq istəyirəm. Ən böyük arzum budur. Qoy, o, hər bir əməlin bir bədəli olduğunu və bunu ödəməli olduğunu anlasın”.

Orxanın atası qatilin əfvi ilə bağlı hər hansı müraciət ediləcəyi təqdirdə, nə qərar verəcəyindən də danışıb:

“Mən bir kənara dururam. Hansı valideyn onu əfv edər? Ən aşağı səviyyəli insan belə övladının qatilini əfv etməz. Özü də bu dövlətə qarşı terror törədib, səfirliyə girib, insanların hamısını qırmaq fikrinə düşüb. Onu əfv etmək olar? Onun bir cəzası var, o da edamdır!”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də