Dünyada cinsiyyət dəyişdirmə əməliyyatları müxtəlif səbəblərdən geniş müzakirə mövzusuna çevrilib. Bu əməliyyatlar bəzi ölkələrdə geniş yayılıb, digər ölkələrdə isə birmənalı qarşılanmır.
Azərbaycanda cinsiyyət dəyişdirmə əməliyyatları rəsmi şəkildə icra edilmir. Bu əməliyyatı istəyən bəzi şəxslər əməliyyat üçün xarici ölkələrə üz tuturlar.
Mövzu ilə bağlı tibb üzrə elmlər doktoru, professor, Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Vaqif Qələndərli ilə həmsöhbət olub.
Onun sözlərinə görə, Azərbaycanda cinsiyyət dəyişdirmə əməliyyatı qanuni olaraq həyata keçirilmir:
“Amma hermafrodit olaraq dünyaya gələn şəxslər var ki, onların genetik analizi aparılır və hansı cinsiyyətin xromosomlarını daşıyırsa, cinsiyyət orqanı ona uyğun formalaşdırılır. 12 yaşından sonra cinsiyyət tam formalaşmağa başlayır. Onda görürük ki, fərd uzun müddətdir qadın kimi yaşayıb amma əslində kişidir. Həmin şəxslərdə yumurtalıqların qarının içində qalması müşahidə olunur, bu zamanda xromosomlar yoxlanılır, əgər cinsiyyətin əslində kişi olduğu aşkar olunarsa, onun öz cinsiyyəti qaytarılır.
Müsahibimiz qeyd edib ki, qadın, yaxud kişi gəlib doğulduğu cinsiyyəti dəyişdirmək istəyirsə, bu ölkəmizdə həyata keçirilmir:
“Bununla bağlı Azərbaycanda da bizə müraciətlər gəlir. Biz bu zaman biz həmin şəxsləri psixoloqa yönləndiririk. Çünki bu əməliyyatın edilməsi qanuni baza yoxdur. Amma digər ölkələrdə, eləcə də Türkiyədə bu edilir. Mən indiyə qədər Azərbaycanda belə əməliyyat etməmişəm. Amma Türkiyədə işlədiyimiz dövrdə qanun çərçivəsində bu həyata keçirilirdi. Bu zamanda psixoloqlar heyətinin mütləq rəyi olmalıdır. Hər kəs istədiyi kimi bunu edə bilmir”.