Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bunun Azərbaycana idxalı qadağan edilməlidir - Ekspert xəbərdarlıq edir

"Azərbaycana bu yağın idxalı qadağan edilməlidir".
 
Bubu Qaynarinfoya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli 10 ayda Azərbaycana 50 min tona yaxın palma yağının idxalından danışarkən deyib. 

Onun sözlərinə görə, palma yağının bir kiloqramı Azərbaycana 1 dollar 20 sentə gəlib çıxır:

"Bu qiymətə normal palma yağı almaq mümkün deyil. Yəni, palma yağı özü də iki cürdür. Bir var palmanın toxumlarından alınan yağ, bir də var onun lətindən alınan yağ. Palmanın lətindən alınan yağ çox yüksək keyfiyyətli və dəyərli yağ hesab olunur. Onu Avropada heç 10 dollara da ala bilməzsiniz. Amma Azərbaycana idxal olunan palma yağının qiymətindən bəlli olur ki, bu palmanın toxumlarından alınan texniki yağdır. Bu yağ Avropada və bütün dünyada texniki yağ hesab olunur. Daha çox sabun istehsalında istifadə edilir. Palmanın toxumlarından alınan yağ əvəllər gəmiçilikdə kanatların yağlanmasında istifadə edilib. Bunun qida məhsuluna heç bir aidiyyatı yoxdur".

Akif Nəsirli hesab edir ki, məsələ araşdırılmalıdır:

"Bu qədər yağın texniki vasitələr üçün idxal edilir, yoxsa bu qida məhsulu kimi istehsal olunur? Çünki idxal vaxtı sənədlərdə qeyd olunur ki, bu yağ Azərbaycana hansı təyinat üçün gətirilir. Əgər sənədlərdə doğrudan qida məhsulu kimi qəbul edilirsə, deməli, Qida Təhlükəsizliyi Agentliyi də bu sahibkarlarla bir işləyir, Azərbaycan xalqının sağlamlığına zərər vurur. Qiymətindən aydındır ki, qida məhsulu kimi istifadə edilən palma yağı deyil. Palma yağının gömrük qiyməti iki manatadırsa, bu yağ texniki yağdır. Qiymət onu təsdiqləyir".

Akif Nəsirli vurğulayıb ki, bunu hökumət qarşısında qaldırmaq lazımdır:

"İdxalçılar kimdir? Onlar bu yağı hansı məqsədlə ölkəyə gətirir? Böyük ehtimalla Azərbaycana idxal olunan kərə yağı yenidən qablaşdırırlar. Azərbaycanda qablaşdırılan kərə yağının tərkibinə bu palma yağından əlavə edirlər ki, maya dəyərini aşağı salsınlar. Məsələn, bir kiloqram yağın tərkibinə 20-30% palma yağı vururlar. Bu halda onun qiyməti gömrük qiymətindən də aşağı düşür. Təxminən 9 manat gömrük qiymətidirsə, onun tərkibinə palma yağı vurmaqla maya dəyərini 6-7 manata salırlar və 25 manata satışa qoyurlar. Bu monopoliyanın təsirləridir. Ölkə iqtisadiyyatında ciddi rəqabət olsaydı, rəqiblərin qorxusundan heç kəs buna getməzdi. Kim nə istəyir onu edir, rəqib, müflüsləşmə qorxusu da yox".

Akif Nəsirli əlavə edib ki, bu yağın idxalçıları tapılmalıdır:

"Araşdıranda görəcəyik ki, ölkəyə bu yağı gətirən idxalçılar həm də kərə yağı gətirirlər, bütün bitki yağlarının tərkibinə palma yağı vururlar. Kilosu iki manat olan palma yağını bitki yağı adı altında litrini 5-6 manata satırlar".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 10 ayda Azərbaycana 50 min tona yaxın palma yağı idxal edilib. 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 57 milyon 960 min ABŞ dolları dəyərində 48 min 947.6 ton "xam palma yağı və onun fraksiyaları” idxal edilib. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də