Son zamanlar bəzi media qurumlarında Sumqayıt Dövlət Universitet (SDU) ilə bağlı yayılan kütləvi ixtisarlar həqiqəti əks etdirmir.
Bu barədə "Report"un sorğusuna cavab olaraq SDU-dan bildirilib.
Məlumata görə, bu günə qədər universitet daxili bütün kadr dəyişiklikləri Əmək Məcəlləsinə uyğun şəkildə şəffaflıq prinsiplərinə əsaslanaraq aparılıb:
"İslahatların aparılmasında əsas məqsəd tədrisin və tələbələrə xidmətin keyfiyyətini artırmaq üçün yalnız müvafiq bilik və bacarıqlara sahib əməkdaşların işləməsini və vəzifədə irəli çəkilməsini təmin etməkdir".
Həmçinin bildirilib ki, son bir il ərzində ali təhsil müəssisəsində tədrisin təşkili, məzmunun yenilənməsi və idarəetmənin səmərəliləşdirilməsi ilə bağlı islahatlar aparılır.
"Eyni zamanda islahatlar zamanı universitetin tələbəyönümlü mövqedə olması və tələbələrə yüksək keyfiyyətli xidmətin göstərilməsi əsas götürülür. Tələbələrlə keçirilən müxtəlif sorğuların nəticələri nəzərə alınaraq, idarəetmə və struktur müasir tələblərə uyğun yenilənir. Elmi Şuranın qərarı ilə funksional olaraq köhnəlmiş strukturlar ləğv olunaraq günümüzün reallıqlarına və tələblərinə uyğun struktur bölmələr, eləcə də islahatlar nəticəsində uzun müddət universitetdə işləyən gənc kadrlara geniş imkanlar yaradılıb", - məlumatda qeyd olunub.