Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan Moskvada həbs edilib.
Məlumatı "112 Telegram" kanalı yayıb.
Mənbənin sözlərinə görə, o, paytaxtın Tverskaya küçəsində saxlanılıb.
Ermənistanın keçmiş müdafiə naziri, general-mayor Arşak Karapetyan bir neçə cinayət ittihamı ilə Ermənistanda axtarışa verilib.
“Ermənistanda Karapetyan Cinayət Məcəlləsinin sahibkarlıq fəaliyyətində qanunsuz iştirak, vəzifə səlahiyyətlərindən sui-istifadə və qulluq mövqeyindən sui-istifadə etmə maddələri üzrə aparılan istintaq çərçivəsində axtarışa verilib”.
Karapetyanın 57 yaşı var. 2018-2021-ci illərdə o, Ermənistanın baş naziri Nikol Paşinyanın müşaviri olub. 2021-ci ilin aprel-iyul aylarında Ermənistan Baş Qərargah rəisinin birinci müavini vəzifəsində çalışıb, sonra iki həftə müdafiə nazirinin birinci müavini, avqustun 2-də isə müdafiə naziri təyin edilib. Karapetyan 3 ay sonra vəzifəsindən azad edilib, noyabrın 15-də Suren Papikyan nazir postunu təhvil alıb.