Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Paşinyan İlham Əliyevin Minsk qrupu ilə bağlı təklifinə RAZIDIR

Paşinyan İlham Əliyevin Minsk qrupu ilə bağlı təklifinə RAZIDIR

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılması tələbi ilə bağlı mövqeyini açıqlayıb.

Paşinyan “Armenpress”ə müsahibəsində “ATƏT-in Minsk Qrupunun buraxılması ideyası ilə bağlı Ermənistanın mövqeyi necədir” sualına “konstruktiv” cavabını verib.
 

“Biz bu mövqeyi başa düşürük ki, əgər münaqişə yoxdursa, o zaman münaqişənin həlli ilə məşğul olan formatın olmasının nə mənası var. Amma biz həm də əmin olmaq istəyirik ki, Azərbaycan da bu məsələyə eyni məntiqlə yanaşır və onun, məsələn, “Qərbi Azərbaycan” adlanan yerlə bağlı diskurs yaratmaq istəkləri Ermənistan Respublikası ərazisinə qarşı təcavüzkar siyasət həyata keçirməkdən ibarət deyil”, - Paşinyan qeyd edib.

Baş nazir bildirib ki, iki ölkə arasında sərhədlərin delimitasiyası prosesi davam etməlidir.

“Ermənistan və Azərbaycanda delimitasiya komissiyalarının reqlamenti ratifikasiya olunub və bu o deməkdir ki, delimitasiya prosesi davam etdirilməlidir.
Düşünürəm ki, demarkasiya komissiyaları yaxın vaxtlarda görüşərək sərhədin hansı hissəsində delimitasiyanı davam etdirməyə hazır olduğumuzu müzakirə edəcəklər. Biz burada konkret, konstruktiv işə sadiqik”, - deyə baş nazir bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 18-də Rusiya mətbuatına verdiyi müsahibəsində ilk dəfə Ermənistanla sülh sazişi layihəsinin razılaşdırılmayan maddələrinin nədən ibarət olduğunu açıqlayıb. Prezident deyib ki, bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, 2-si qalıb. Bunlar aşağıdakılardı:

- Tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan imtina etməsi;

- Avropa İttifaqının müşahidə missiyası adı altında Azərbaycanla sərhəddə yerləşdirilən başqa ölkələrin nümayəndələrinin çıxarılması.

Bununla yanaşı, Azərbaycanın Ermənistandan tələb edtiyi daha iki şərt var:

- Birincisi, Ermənistan öz Konstitusiyasını dəyişdirməlidir. Çünki Konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, sənəddə keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur.

- İkincisi, ATƏT-in Minsk qrupunun ləğvi məsələsidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq onu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Ermənistan rəhbərliyi artıq Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıdığını bəyan edib, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıb. Qarabağ məsələsi həll olunubsa, bu halda Minsk qrupunun mövcudluğuna da ehtiyac qalmır. Yəni, Minsk qrupunun ləğv edilməsi üçün Ermənistan da Azərbaycanla birlikdə ATƏT-ə müraciət etməlidir ki, məsələyə nöqtə qoyulsun.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də