Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ali təhsillilərin hərbi xidmət dövrü 7-9 aya ENDİRİLƏCƏK

Ali təhsillilərin hərbi xidmət dövrü 7-9 aya ENDİRİLƏCƏK
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi polkovnik Azər Babayev Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında deyib ki, Azərbaycanda həqiqi hərbi xidmət müddətinin 1 il 6 aydan 1 ilə endirilməsi müzakirə edilir.

Bəs həqiqi hərbi xidmət müddətinin azaldılmasına hazırıqmı?
Mövzu ilə bağlıdanışan hərbi eksepert Ramil Məmmədli bildirib ki, Milli Məclisdə aparılan müzakirələr islahatlar prosesinin ilkin mərhələsidir:

“Bundan sonra digər mühüm addımlar da atılacaq. Azərbaycan artıq əsas müharibəni arxada qoyub, ərazi bütövlüyümüz tam təmin olunub. Belə olan təqdirdə hərbi xidmətə çağırışçılarla bağlı müəyyən islahatlara ehtiyac var idi. Həm bizə qonşu olan ölkələrdə, həm də keçmiş potsovet məkanında hərbi xidmətə çağırış həddi 27-30 yaş aralığında dəyişir. Bizdə isə çağırışın yuxarı yaş həddi 35 idi, bu da müharibə faktoru ilə bağlı idi. Amma ordu quruculuğunda yeni islahatlar dövrü başlayıb. Daha peşəkar hərbi qulluqçuların xidmətə cəlb edilməsi işləri həyata keçirilir. O baxımdan da hərbi xidmətə çağırışın yuxarı yaş həddinin 35-dən 30-dək azaldılması nəzərdə tutulur ki, bu da prosesin ilkin mərhələsidir. Mən bu məsələyə müsbət baxıram”.

R.Məmmədli qeyd edib ki, sonrakı proseslərdə ali təhsili olmayanların hərbi xidmət dövrü 18 aydan 12 aya, ali təhsillilərin isə 12 aydan 7-9 ay aralığına endiriləcək:
 


“Bunun Silahlı Qüvvələrin komplektləşməsi məsələsinə hər hansı mənfi təsiri olmayacaq. Digər tərəfdən də peşəkar ordu quruculuğu prosesində çağırışçıların qısa müddət ərzində bilik və bacarıqları öyrəniləcək. Onların arasından hərbi xidmətə marağı olan, bilik və qavraması yüksək səviyyədə olanlar orduda qalıb MAXE, gizir,  yaxud zabit kimi xidmətlərini davam etdirəcəklər. Orduya 33-34 yaşında bir kişini çağırıb xidmət etdirmək elə də effektli deyil. O gəlib orada heç nə öyrənməyəcək”.
 Hərbi ekspert çağırış yaşı ilə bağlı məsələyə də toxunub:
 “Parlamentdə də bir zamanlar belə fikirlər səsləndirilirdi ki, "18 yaşlı uşaq hərbi xidmətə aparılır". Amma mən bir məqamı qeyd etmək istəyirəm ki, 18 yaş gənc kişi üçün qavrama qabiliyyətinin ən effektiv olduğu dövrdür. 18-22 aralığında olan gənclərin hərbi xidmətə getməsi orada əldə etdikləri bacarıqları mənimsəməsinə gətirib çıxarır. Bu yaş normaldır, çünki çağırışçı bu zaman 20 yaşı olmamış artıq tərxis olunur. Bundan sonra o ali təhsilini ala bilər, həyatının qalan hissəsini şəxsi fəaliyyətinə sərf edə bilər. Amma bu yaş 20-22 yaşa qaldırılsa, burada itki müddəti yaranır. Həm də şəxs orta məktəbi bitirəndən 3-4 il sonra hərbi xidmətə getsə, konkret hansısa peşə sahibi olacaq və o peşəni qoyub getməsi də bir qədər doğru deyil. Eyni vəziyyət ali təhsillilər üçün də keçərlidir. Şəxs ali təhsilini başa vurur və iş fəaliyyətinə başlamamış hərbi xidməti keçir və qayıdaraq peşə fəaliyyəti ilə məşğul olur”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də