
RegionTV.info "Report"a istinafən xəbər verir ki, Bu barədə AMEA Yüksək Texnologiyalar Parkından məlumat verilib.
AMEA prezidenti, akademik Ramiz Mehdiyev innovasiyayönümlü elmi tədqiqat işlərinin istehsalatda yüksək texnologiyalarla tətbiqinə xüsusi əhəmiyyət verir, bu istiqamətdə Yüksək Texnologiyalar Parkına dəstək göstərir. AMEA rəhbərliyinin göstərişi ilə Texnoparkda innovativ layihələrin dəstəklənməsi, elmin kommersiyalaşdırılması məqsədilə rezidentlərinə böyük güzəştlər və üstünlüklər təklif edilir.
Bu güzəştlərdən yararlanan Yüksək Texnologiyalar Parkının rezidentlərindən olan “AZELTECH” şirkəti tərəfindən daha bir innovativ layihə – dronların istehsalı üçün hazırlıq işləri görülür. Bu dronlardan işğaldan azad olunmuş ərazilərimizdə meşə və su təsərrüfatının, flora və fauna tərkibinin tədqiqi, eləcə də Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının nüvə tullantılarının ərazilərimizdə basdırılma ehtimalı yüksək olduğundan bu bölgənin radioekoloji monitorinqinin aparılması məqsədilə istifadə olunacaq.
Hazırda dronlar üzərində sınaq işləri həyata keçirilir. Bu məqsədlə baza dronunun üzərinə ərazilərin radioekoloji monitorinqini həyata keçirmək üçün qamma və neytron detektorları inteqrasiya olunur. Real vaxt rejimində mövcud koordinatda işğaldan azad olunmuş ərazilərin radiasiya fonunun ölçülməsi nəzərdə tutulur.