Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda kişilər arasında cinsi zəiflik halları ARTIB - SƏBƏBLƏR

Azərbaycanda kişilər arasında cinsi zəiflik halları ARTIB - SƏBƏBLƏR

Son illər kişilər arasında cinsi zəifliyin artması səhiyyə sahəsində aparılan müzakirələrdə xüsusi yer tutur. Avropa Cinsi Sağlamlıq Araşdırmaları Təşkilatının məlumatına görə, son dövrlər 1990-cı illərlə müqayisədə cinsi zəiflik halları 20%-dən çox artıb. Bu artım stress, qeyri-sağlam həyat tərzi və ətraf mühitin təsirləri ilə əlaqələndirilir.

 Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2022-ci il hesabatına görə, dünyada 40 yaşdan yuxarı kişilərin təxminən 15%-ində erektil disfunksiya müşahidə edilir. Bu rəqəm 70 yaşdan yuxarı kişilər arasında 50%-dən çoxdur.

 Azərbaycanda cinsi zəiflik barədə dəqiq statistik məlumatlar olmasa da, yerli androloqlar və uroloqlar problemin artdığını bildirirlər.

 Mövzu ilə bağlı danışan androloq Dr. Timurçin Məhərrəmbəyli bildirib ki, cinsi zəiflik, cinsi fəaliyyət aktının az olması, erkən boşalma qlobal mövzudur. O qeyd edib ki, sözügedən problem ölkəmizdə də geniş yayılıb.

 "Bizə müraciət edən xəstələrin sayı gündən-günə artmağa davam edir. Cinsi zəifliyin ən başlıca faktorları təbii ki, psixoloji gərginlik, stress kimi vəziyyətlərdir. Bunlardan əlavə bu şikayətlə gələn pasiyentlərin əksəriyyətində aktiv olaraq tütün məmulatlarından və alkoqollu və energetik içkilərdən istifadə müşahidə olunur. Digər səbəblərdən biri də ən çox gənc nəsil arasında yayılan cinsi infeksiyalardır. Bu səbəblərin hamısı cinsi zəifliyə, erkən boşalmaya təsir edən ən böyük faktorlardır”.

Onun sözlərinə görə, bu problemləri aradan qaldırmağın müxtəlif yolları mövcuddur:

“Ən başlıca iş və şəxsi həyatda mütləq dəyişikliklərə getmək lazımdır. Stressdən uzaq durmaq, normal qidalanmaq, yuxu rejimini qaydaya salmaq lazımdır. Tütün məmulatları və alkoqollu və energetik içkilərdən istifadə minimuma endirilməlidir. Bunlarla yanaşı cinsi infeksiyaların yoxlanılması, üçün rutin yoxlamalar olmalıdır. Həkim müayinəsindən sonra xəstəyə uyğun olaraq dərman müalicəsi, pəhriz və bəzi idman hərəkətləri məsləhət görülür”.

Müsahibimiz qeyd edib ki, burada idman dedikdə yalnız idman zalına getmək nəzərdə tutulmur:

“Eyni zamanda gündəlik yürüşlər, gecə yürüşləri edilməlidir. Gündəlik həyatda aktiv hərəkətin təbii ki, cinsi zəifliyin və erkən boşalmanın müalicəsində böyük rolu var. Tək bunlara əməl etməklə problem aradan qalxmır, əlavə olaraq dərman müalicəsinin edilməsi də məsləhət görülür. Əsas problemi aradan qaldırmaq üçün isə səbəbi aradan qaldırmaq lazımdır.Fərdə görə səbəblər dəyişir. Biz hətta cavan şəxslərdə bu problemlərə rast gəlirik. Pasiyentin 18-20 yaşı var, cinsi fəaliyyətə yeni başlayır amma bu problemi yaşayır. Araşdıranda görünür ki, şəxs daimi olaraq tütün məmulatlarından istifadə edir, iş rejimi gərgindir, yuxusuz qalır, yaxud da idmanla məşğul olmur. Bunlar hamısı bu problemə təsir edən faktorlardır”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də