Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şagirdləri az olan məktəblər büdcəyə ziyan verir?

Şagirdləri az olan məktəblər büdcəyə ziyan verir?

Ölkədə 4400-dən çox orta ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Bu təhsil müəssisələrində 1 milyon 600 mindən çox şagird təhsil alır.

Bunu danışan elm və təhsil eksperti Elçin Əfəndi bildirib.

O qeyd edib ki, cari tədris ilindən etibarən adambaşına maliyyələşməyə keçid olub.

"Hər bir təhsil müəssisəsi də istəyir ki, şagird sayı çox olsun. Şagird sayına görə maliyyələşmə daha yaxşı olur. Burada həm müəllimlərin əməkhaqqı həm də digər xərclər qarşılanır. Bununla paralel olaraq baxırıq ki, respublikamızın elə nöqtələri var ki, şagird sayı 100 nəfərdən azdır. Belə olan halda da adambaşı maliyyələşmədə daha çox xərc tutulur".

Ekspertin sözlərinə görə, bəzi məktəblərdə 5 şagird var, o şagirdlərə müəyyən dərslər keçilir.

"Amma bəzən də görürük ki, vakant yerlər ayrıldığı halda tutulmur. Məcbur olur bəzi fənnləri qeyri-ixtisas fənn müəllimləri tədris edir.  Bu şagirdlərə fənnlə bağlı müvafiq biliklərin öyrənilməsinə problem yaradır. Amma həmin fənnlərin keçilməsi üçün də büdcədən maliyyə ayrılır. Həmçinin orada çalışan digər işçilərin də hər birinə maliyyələşmə məsələsində büdcədən vəsait ayrılır. Biz baxsaq görərik ki, həmin 5 şagirdlə paytaxtda 30 şagirdin maliyyələşməsi eynilik təşkil edir. Bu zaman büdcəyə ziyan dəymiş olur. O nöqteyi nəzərdən də artıq optimallaşma aparılır. Mənim təklifim bundan ibarətdir ki, sinifləri birləşdirməkdənsə, ən yaxşı bir neçə məktəbin birləşdirilməsidir".

Elçin Əfəndi qeyd edib ki, burada artıq yol infrastrukturu yaxşılaşdırılmalı və servis xidməti təşkil olunmalıdır:

"Məktəblərarası məsafə 3,5 kilometr yaxud daha artıqdırsa, burada mütləq şagirdlərin daşınmasını həyata keçirən nəqliyyat vasitəsi ayrılmalıdır. Biz birləşdirmə barədə söhbət aparırıqsa, bu məsələni həll etməliyik. Əks halda birləşdirmə baş tutarsa, şagird yaxın məktəbə deyil, dəfələrlə uzaqda olan məktəbə getməli olacaq. Bu da şagirdin çətinliyi deməkdir. Nəticədə ola bilər ki, şagird təhsildən yayınsın. Bizə isə bu lazım deyil, çünki biz dövlət başçısının tapşırığı əsasında təhsilin əlçatanlığının təmin olunması istiqamətində işlər görməliyik. Necə ki, Yaponiya, Sinqapur, Fransa, Hollandiya kimi inkişaf etmiş ölkələrdə bir şagirdin tədris prosesinə cəlb olunması üçün nəqliyyat vasitəsi ayrılırsa, bizdə də eynisi tətbiq edilməlidir. Belə olduğu halda məhz həmin o şagird sayı az olan məktəblər vahid bir mərkəzdə formalaşacaq. Nəticə etibarilə burada həm tədris prosesi, həm də maliyyə imkanları yaxşılaşdırıla bilər”.

Xatırladaq ki, bir neçə gün əvvəl Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin iclasında verdiyi açıqlama qalmaqala səbəb olub. O qeyd edib ki, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nin bağlanılması planlaşdırılır. "Düşünürəm, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq", - deputat bildirib.

Emin Əmrullayev isə sözügedən məlumatı təkzib edib. O qeyd edib ki, xəbərin yaranmasına səbəb mövzu ətrafında səsləndirilmiş fikirlərin düzgün anlaşılmamasıdır. Səsləndirilən fikirlər isə aşağıdakılardır:

1. Ölkədə fəaliyyət göstərən təxminən 4 400 məktəbin 1 500-də 100-dən az şagird təhsil alır.

2. Şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsait kifayət qədər böyükdür, tədrisin keyfiyyəti isə aşağıdır. Bəzi hallarda bu məbləğ paytaxtda fəaliyyət göstərən özəl təhsil müəssisələrinin təhsil haqqından da çoxdur (məsələn, 5 nəfər şagirdi olan məktəbdə bir nəfər şagirdə düşən illik xərc 25-27 min manatdır, 10-15 nəfər şagirdi olan məktəbdə isə bu xərc 13-15 min manatdır).

3. Daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq.

"Bu üç fikri ümumiləşdirərək “Ölkədə 1 500 məktəb bağlanacaq” nəticəsinə gəlmək düzgün deyildir. Onu da qeyd edim ki, cari tədris ilində şagird sayı 10-a qədər olan ümumilikdə 142 məktəb üzrə xərclər əsaslı şəkildə rasionallaşdırılıb. Rasionallaşdırılma dedikdə yalnız məktəbin fəaliyyətinin dayandırılması nəzərdə tutulmur, buraya məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, peşə təmayüllü siniflərin açılması da daxildir", - nazir qeyd edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də