Prezident Volodimir Zelenski əvvəllər Ukraynanın dövlət mükafatlarına layiq görülmüş 34 nəfərin həmin təltiflərdən məhrum edilməsi haqqında fərman imzalayıb.
Müvafiq sənəd Ukrayna dövlət başçısının rəsmi saytında dərc olunub.
Qeyd olunur ki, “satqınlar” siyahısına Ukraynanın keçmiş məmurları, sabiq deputatlar, prokurorlar, incəsənət xadimləri, Rusiyanın siyasi, din və mədəniyyət adamları daxildir.
Onların hamısı Ukraynanın dövlət mükafatlarından qeyri-müəyyən müddətə məhrum edilib.
Siyahıda keçmiş xalq deputatı Viktor Medvedçukun (Vladimir Putinin xaç atası - red.) adı da var.
Ukraynanın sabiq baş naziri (2010-2014-cü illərdə Viktor Yanukoviçin prezidentliyi dövründə) Nikolay Azarov I-III dərəcəli “Xidmətlərə görə” ordenindən və V dərəcəli "Knyaz Yaroslav Mudrı" ordenindən, habelə “Əməkdar iqtisadçı” fəxri adlarından məhrum edilib.
Ukrayna Baş prokurorunun keçmiş birinci müavini Renat Kuzmin, “Regionlar Partiyası” sədrinin keçmiş birinci müavini Aleksandr Yefremov, sabil təhsil və elm naziri Dmitri Tabaçnik, keçmiş baş prokuror Viktor Pşonka, eks-deputat Andrey Derkaç da müxtəlif təltiflərdən məhrum edilib.
Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill 1-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordenindən məhrum edilib.
Rusiyalı müğənnilər Nikolay Baskov, Filipp Kirkorov, Aleksandr Malinin, Ani Lorak və Taisiya Povaliy, bəstəkar İqor Krutoy da “Ukraynanın xalq artisti” və “Ukraynanın əməkdar artisti” fəxri adlarından məhrum ediliblər.