Qazax rayonunun bu ilin mayında işğaldan azad olunmuş Xeyrimli kəndində aparılan delimitasiya və demarkasiya işləri zamanı maraqlı hadisə baş verib.
Bu barədə Modern.az-ın Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Qazax" əlahiddə sərhəd diviziyasına və Qazaxın işğaldan azdan olunan kəndlərinə təşkil etdiyi mediaturuna qatılan əməkdaşı xəbər verib.
Əməkdaşımızın bildirdiyinə görə, Xeyrimlidə aparılan delimitasiya və demarkasiya işləri zamanı məlum olub ki, kənddə tikilmiş evlərdən biri sərhəd xəttinin üzərində yerləşir. Belə ki, sərhəd müəyyənləşdirilərkən işğal dövründə ermənilər tərəfindən qanunsuz tikilmiş həmin evin bir hissəsi Azərbaycan, digər hissəsi isə Ermənistan tərəfə düşüb.
"Qazax" əlahiddə sərhəd diviziyasın komandiri general-mayor Misir Əliyev bildirib ki, tikanlı məftillər evin balkonundan çəkilib.
Xatırladaq ki, 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikasının delimitasiya komissiyaları arasında Qazaxın 4 kəndinin qaytarılması barədə razılıq əldə edilib.
15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında Texniki Protokol razılaşdırılıb və bu barədə müvafiq sənəd mzalanıb.
Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.
24 may 2024-cü il tarixində həmin kəndlər Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.