1990-cı ildən bəri 1 və ya 2 tip diabetdən əziyyət çəkən insanların sayı dörd dəfədən çox artaraq 2022-ci ildə 800 milyonu ötüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "The Lancet" elmi jurnalında dərc olunmuş araşdırmasında deyilir.
Məqalədə bildirilir ki, 2022-ci ildə yaşı 18 və yuxarı olan təxminən 828 milyon nəfər şəkərli diabetdən əziyyət çəkir. Bu da 1990-cı ildən bu yana 630 milyon artım deməkdir. Bu illər ərzində diabetin yayılması qadınlar üçün 131, kişilər üçün isə 155 ölkədə artıb. Ən böyük artımlar Cənub-Şərqi və Cənubi Asiya, Yaxın Şərq və Şimali Afrika, Latın Amerikası və Karib hövzəsinin aşağı və orta gəlirli ölkələrində müşahidə olunub.
Tədqiqat müəllifləri belə nəticəyə gəliblər ki, 2022-ci ildə diabetin yayılması hər iki cins üçün Qərbi Avropa və Şərqi Afrikada, qadınlar arasında isə Yaponiya və Kanadada ən aşağı olub. Ən yüksək yayılma Polineziya və Mikroneziya, bəzi Karib hövzəsi dövlətləri, Yaxın Şərq və Afrika, eləcə də Pakistan və Malayziyada olub. 2022-ci ildə 1990-cı ildən bu yana 3,5 dəfə artaraq 30 yaş və yuxarı yaşlı 445 milyon şəkərli diabet xəstəsi müalicə olunmayıb.
ÜST qeyd edib ki, bu araşdırma bütün ölkələrin iştirak etdiyi şəkərli diabet və onun müalicəsində tendensiyaların ilk qlobal təhlilidir. Hazırlanan bu elmi işdə alimlər 140 milyondan çox insanın məlumatlarından istifadə ediblər.