Bu barədə o, X platformasında yazıb.
Zelenski sentyabr ayında Trampla keçirdiyi görüşü xatırladıb və Ukrayna ilə ABŞ arasındakı strateji tərəfdaşlığı, “Qələbə planını”, Rusiyanın Ukraynaya təcavüzünü dayandırmağın yollarını ətraflı müzakirə etdiklərini bildirib.
“Mən prezident Trampın qlobal məsələlərdə “güc vasitəsilə sülh” yanaşmasına sadiqliyini yüksək qiymətləndirirəm”, - deyə Ukrayna lideri vurğulayıb.
Zelenski əmindir ki, məhz bu prinsip Ukraynada ədalətli sülhü həqiqətən də yaxınlaşdıra bilər. O, ümid etdiyini bildirib ki, Trampla birlikdə bunu həyata keçirmək mümkün olacaq.
“Biz Prezident Trampın həlledici rəhbərliyi altında güclü Amerika Birləşmiş Ştatlarının dövrünü gözləyirik. Biz Birləşmiş Ştatlarda Ukraynaya güclü ikitərəfli dəstəyin davam edəcəyinə ümid edirik”, - deyə Zelenski vurğulayıb.