Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 4-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olublar.
Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma burada yaradılan şərait barədə ətraflı məruzə edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP29-un keçiriləcəyi tarixlərdə tədbir məkanı ərazisində istifadə ediləcək yük və sərnişindaşıma, eləcə də tibbi və yanğınsöndürmə üçün nəzərdə tutulan elektrikli minimobillər, Sammit zamanı yüksəksəviyyəli qonaqların ərazidə hərəkətini təmin etmək üçün istifadə olunacaq qolf-mobillər və elektrikli avtobuslar, həmçinin tədbir günlərində şəhər ərazisində hərəkət edəcək digər elektrikli nəqliyyat vasitələrinə baxıblar.