Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əli Həsənov Gəncədəki Mətbuat Evini gəlir mənbəyinə çevirib-ŞOK FAKTLAR

RegionTV.info 

Hər kəsə bəllidir ki, son günlər baş verən bir çox ictimai-siyasi hadisələrlə bərabər, bəzi yüksək çinli vəzifə sahibi olan şəxslərin daşıdıqları vəzifələrinə “əlvida” demələri və s. ölkə mətbuatının gündəmini zəbt edən mövzulardan birinə çevrilib.
Bu sırada Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun daşıdığı vəzifəsindən, oğlu Şamxal Həsənovun isə “Xəzər” televiziyasının rəhbərliyindən uzaqlaşdırılması, məhz daha çox diqqəti cəlb etdi. Bunlara səbəb olan amillərdən biri, bəlkə də lap birincisi Əli Həsənovun uzun illər ərzində Azərbaycan mətbuatı üzərində özünün təsir dairəsini saxlaması idi. Belə ki, bu şəxsin pərdəarxası diktəsi ilə idarə etdiyi (çoxsaylı media qurumları), eyni zamanda kəsişən maraqlarının həlli yöndə atdığı addımları və s. uzun illik tarixi olan mətbuatımızın iflic olmasına səbəb olmuşdu. Belə bir olayların yaşandığı bir vaxtda “Gündəm Xəbər” qəzetinin qərb bölgəsi üzrə müxbiri olaraq müəyyən araşdırmalar aparmağa və bir çox qaranlıq qalan məsələlərə aydınlıq gətirməyə çalışdım. Belə ki, apardığım jurnalist araşdırmaları zamanı bəlli oldu ki, illər öncə Gəncədə Prezident Administrasiyasının, Mətbuat Şurasının və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan milli mətbuatı: Zərdabidən günümüzədək” mövzusunda elmi-praktiki konfrans keçirilir. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsini ziyarət edirlər və az sonra onun abidəsi önünə gül dəstələri qoyurlar. Konfransı giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açır və o, Həsən bəy Zərdabinin “Əkinçi” qəzetindən başlanan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yollardan danışır.
Konfransda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənov da çıxış edir və o, milli mətbuatımızın tarixindən, inkişafından bəhs etməklə bərabər, Gəncənin Azərbaycanın milli dövlətçilik tarixində oynadığı əvəzsiz roldan bəhs edir. O, çıxışı zamanı onu da bildirir ki, “Gəncə şəhəri Azərbaycan dövlətçiliyinin təməlində dayanan əsas şəhərlərdən biridir və bəlkə də lap birincisidir. Azərbaycan Xalq Cümhuriyyəti bu şəhərdə qurulub, Azərbaycan dövlətçiliyi uğrunda Cavadxanın mübarizəsi, Azərbaycan torpaqlarının birləşdirilməsi hərəkatı və s. məhz bu şəhərdən başlayıb. Ona görə ömrü boyu Azərbaycana və azərbaycançılığa xidmət edən bir alimin, böyük insanın, dahi mütəfəkkirin 170 illik yubiley tədbirinin Gəncədə keçirilməsinin xüsusi əhəmiyyəti var”. Bundan əlavə o, Həsən bəy Zərdabinin 170 illik yubiley tədbirinin bu şəhərdə keçirilməsini heç də təsadüfi hal hesab etmir və onu da qeyd edir ki, “Həsən bəy Zərdabi öz dövrünün ən böyük Azərbaycanlısı olmaqla bərabər, millətinin inkişafı, maariflənməsi yolunda ömrünü şam kimi əridir”. Belə bir tədbir öz işini başa vurduqdan sonra, 2011-ci ildə media mənsublarının iştirakı ilə Gəncə şəhərində inşa olunacaq “Mətbuat Evi”nin təməlqoyma mərasimi keçirilir. Bir il ərzində inşa olunması nəzərdə tutulan dördmərtəbəli binanın ümumi sahəsi 2600 kvadratmetr olur və bu binanın birinci mərtəbəsində konfrans keçirmək üçün zal, ikinci və üçüncü mərtəbələrində jurnalistlərin fəaliyyət göstərmələri üçün otaqlar, dördüncü mərtəbəsində isə, Gəncəyə ezam olunan media nümayəndələrinin gecələmələri üçün xüsusi otaqlar yaradılır.
2015-ci ildə Mətbuat Evinin açılış tədbiri keçirilir və həmin tədbirdə Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və ölkənin bir sıra aparıcı mətbu orqanlarının rəhbər şəxsləri də iştirak edirlər. Gəncə şəhərində inşa olunan və dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına ərsəyə gətirilən Mətbuat Evinin açılışı həyata keçirildikdən sonra, tam əksəriyyət o haqda düşünür ki, atılan belə bir addım milli mətbuatımızın inkişafına xidmət edəcək. Amma çox keçmədi ki, bütün gözləntilər puça çıxdı. Buna da əsas səbəb, büdcədən ayrılan vəsaitlər hesabına inşaası həyata keçirilən Mətbuat Evinin Əli Həsənov tərəfindən ələ keçirilməsi oldu. Yəni, uzun illərdir ki, həmin binadan mətbuatın inkişaf etdirilməsi məqsədilə deyil, məhz Həsənovlar ailəsinin biznes mərkəzinə çevrilmiş “Kaspi-Tədris Mərkəzi”nin fəaliyyət göstərməsi üçün istifadə olunur. Belə bir halın varlığı da, heç cür yolverilməz haldır. Çünki, həmin bina yuxarıda qeyd etdiyim kimi büdcədən ayrılmış vəsaitlər hesabına inşa olunub. Əli Həsənovun istər paytaxt Bakı şəhərində, istərsə də bölgələrdə atdığı belə bir addımlar, indiyə kimi mətbuatımızın məhv edilməsi yöndə atılmış addımlar oldu. Bu gün o, görəvdən salınıb, təsir imkanları heçə endirilib. Belə bir səbəblərdən də, adı çəkilən bu şəxsin “kurasiyasında” olan mətbu qurumlar kənara çəkilib susmağa üstünlük verirlər.
Bütün bunları nəzərə alaraq ölkə rəhbəri cənab İlham Əliyevdən xahiş edirəm ki, Gəncədəki Mətbuat Evinin KİV nümayəndələrinin istifadəsinə qaytarılması üçün, aidiyyatı üzrə lazımi tapşırığını versin. Çünki, ölkə rəhbəri olaraq cənab Prezident hər zaman jurnalistlərin dostu olduğunu bəyan etmiş və bu sahədə əmələ gələn problemlərin həllinə də çalışıb. Düşünürəm ki, cənab İlham Əliyev belə bir problemin mahiyyətini diqqətdə saxlayacaq və Gəncədəki Mətbuat Evinin Həsənovlar ailəsinin biznes mərkəzindən çıxarılması yöndə lazımi addımını da atacaq. Yəqin ki, o halda ölkənin böyük bir regionunda mətbuatın inkişaf etdirilməsi yolunda “yaşıl işıq” yanacaq.
P.S. Əldə etdiyimiz bəzi məlumatlara görə, artıq paytaxt Bakı şəhərinin bəzi ərazilərində Əli Həsənova məxsus olduğu söylənilən “köşklər”in yığışdırılmasına da başlanılıb.
Xeber.Az


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də