Xəbər verdiyimiz kimi, bu gün Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib.
Nazir Vilayət Eyvazov cari ilin 9 ayında ictimai asayişin və təhlükəsizliyin təmini ilə bağlı qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında əldə olunmuş müsbət nəticələrin hesabat dövründə qorunub-saxlanıldığını və bir sıra istiqamətlərdə inkişaf etdirildiyini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali qayğısı sayəsində daxili işlər orqanlarında peşəkar kadr özəyinin formalaşdığını, infrastrukturun inkişaf etdiyini, müasirləşdiyini, müvafiq fəaliyyətin Nazirliyin xüsusi təyinatlı təhsil müəssisələrində, o cümlədən Polis Akademiyasında da həyata keçirilərək yeni tədris korpuslarının, yataqxanaların, laboratoriyaların və digər zəruri obyektlərin inşa edildiyini, hüquqşünas, kriminalist, informasiya təhlükəsizliyi və digər mütəxəssis ixtisasları üzrə təhsilə namizədlərin seçimində nəzərəçarpan irəliləyişlərin əldə olunduğunu, Akademiyada təhsil almaq arzusunda olan orta məktəb şagirdlərinin sayının ilbəil artdığını, bu istiqamətdə aparılan təşviqatın davam etdirilməsinin vacibliyini, habelə Dövlət Başçısının şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsinə həssas münasibətindən irəli gələn müsbət dəyişiklikləri diqqətə çatdırıb.