Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb. Belə ki, təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq edilir.
Yeni təlim-təcrübə konsepsiyasına əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaları məqsədilə hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər.
Yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə aşağıdakı çağırışçılar xidmət edəcəklər:
- Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından 600 və yuxarı bal toplayanlar;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər;
- Cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları.
Yeni qərar ali təhsil müəssisələrində hərbi kafedraların yenidən açılması məsələsini gündəmə gətirib.
Qeyd edək ki, vaxtilə Azərbaycan universitetlərində hərbi kafedralar fəaliyyət göstərirdi. Həmin kafedraların sayəsində ali məktəb tələbələri ilkin hərbi biliklərə yiyələnirdilər. Sözügedən kafedraların fəaliyyət göstərdiyi ali təhsil ocaqlarını bitirən tələbələr hətta hərbi xidmətdən azad edilirdi. Sonradan hərbi kafedralar fəaliyyətini dayandırdı.