4 il öncə - 2020-ci ildə qəbul imtahanlarında I ixtisas qrupu üzrə yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbində (BANM) təhsil alan əkiz qardaşlardan biri ağır xəstəliyə tutulub.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, əslən Kürdəmir rayonundan olan Vüqar və İlqar Nəsirli qardaşları hazırda çətin günlər yaşayırlar.
Belə ki, BANM-ın son kurs tələbəsi olan qardaşlardan biri - Vüqar Nəsirliyə qan xərçəngi diaqnozu qoyulub. Qardaşların ailəsi rayonda yaşayır və maddi imkanları zəifdir. Əkizlər yay aylarında çalışaraq ailəsinə kömək edirdilər.
Amma indi onlardan biri nəinki çalışa, heç dərslərdə iştirak da edə bilmir. Onun hazırda Türkiyədə mualicə olunduğu bildirilir. Lakin Nəsirli ailəsinin maddi vəziyyəti aşağı olduğundan Vüqarın kimyaterapiya və ilik əməliyyatı üçün tələb olunan məbləğə gücü çatmır.
Sosial şəbəkələrdə Vüqar Nəsirliyə maddi dəstək olmaq üçün imkanlı şəxslərə çağırış elan edilib.
Xatırladaq ki, qəbul imtahanlarında İlqar Nəsirli 656,2, Vüqar Nəsirli isə 645 bal toplamışdı.