Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə özünün sosial media hesabında yazıb.
"Elm və Təhsil Nazirliyi tərəfindən artıq 3-cü ildir ki, ümumi təhsil müəssisələrində 4-cü siniflərin monitorinqi keçirilir. Monitorinq nəticələrinin təhlili ibtidai sinif şagirdlərinin ümumi orta təhsil səviyyəsinə hazırlıq vəziyyətinin müəyyənləşdirilməsi və aparılan islahatların təsirlərinin ölçülməsi baxımından çox vacibdir.
Monitorinqin təhlili 4-cü siniflərdə qızların ana dili və riyaziyyat fənləri üzrə oğlanlardan üstün nəticələr əldə etdiyini göstərir. Bu tendensiya təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində müşahidə olunur. Fərqin səbəblərini müəyyən etmək isə geniş araşdırma mövzusudur. Lakin bu fərqlər gələcəkdə ölkəmizdə qızların elm və təhsildə daha uğurlu, həmçinin artan iştirakını təşviq edəcəyi barədə ümidli baxış vəd edir" - paylaşımda qeyd olunub.