Səhiyyə Nazirliyi koronavirusa yoluxan xəstələrin pulsuz dərman preparatları ilə təmin olunması barədə məlumat yayıb.
Bu barədə nazirliyin nəzdində yaradılmış işçi qrupunun üzvü İnara Makayeva məlumat verib. O bildirib ki. indiyədək 3500-dən artıq COVID-19 xəstəsi pulsuz dərmanlarla təmin olunub:
"Bildiyiniz kimi, cari ilin iyun ayının sonunda Səhiyyə Nazirliyinin nəzdində xüsusi işçi qrupu yaradılıb. Qrupun əsas vəzifəsi Bakı şəhərinin 87 tibb müəssisəsini əhatə edən 39 sahə məntəqəsinin işini əlaqələndirməkdən ibarətdir". Səhiyyə Nazirliyi nəzdində olan işçi qrupu üzvünün sözlərinə görə, asimptomatik və yüngül simptomlu xəstələrin pulsuz dərmanlarla təmin edilməsi haqqında qərar qəbul olunub. Belə xəstələrə müalicə üçün lazım olan dərman vasitələri paylanılıb: C vitamini, D vitamini, Sink, Selenium, Maqnezium və Parasetamol. Niyə məhz bu dərmanların seçildiyini haqqında suala cavab verərək, İnara Makayeva bildirdi ki, beynəlxalq tövsiyələrə əsasən, yuxarıda sadalanmış preparatlar insanın immunitet sistemini stimullaşdırır və bütün mənbələrini viruslarla mübarizə üçün səfərbər edir".
İnara Makayeva Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən işçi qrupunun COVID-19 xəstələrinin ambulator şəraitdə müalicəsi üçün xüsusi təlimat hazırladığını da söyləyib: "İş prosesi belə təşkil olunub, Hər gün poliklinikalarda test nəticələri müsbət çıxan xəstələrin siyahıları tutulur. Bu xəstələrlə daha sonra telefonla əlaqə saxlanılır və mövcud vəziyyətləri ilə bağlı sorğular həyata keçirilir. Qeyd etmək lazımdır ki, reseptlə təchiz olunmuş dərmanlar birbaşa xəstələrin yaşadıqları yerlərə çatdırılır. Pasiyentlər onları 15-20 gün ərzində qəbul edir. Sahə həkimləri gündə iki dəfə onlarla əlaqə saxlayıb, dərman qəbuluna nəzarət edirlər”.
Onun sözlərinə görə, yuxarıda sadalanan, bu günə qədər görülmüş bütün tədbirlər xəstəliyi evdə asanlıqla keçirən və tibb müəssisələrinə baş çəkməyən pasiyentlərin tezliklə sağalması üçün zəruri şərait yaradıb və bununla digərlərin yoluxma təhlükəsini azaldıb: "İndi biz COVID-19 diaqnozlu pasiyentlərin xəstəxanalara yerləşdirilmə sayında ciddi azalma müşahidə edirik, ağır xəstələrin sayı azalmaqdadır. Həmçinin, koronaviruslu xəstələrin reanimasiya və süni ağciyər ventilyasiya cihazlarına qoşulma ehtiyacı ümumiyyətlə azalıb. Ancaq bu hələ təhlükənin tam bitdiyini bildirmir. Hal-hazırda hamımız - həm həkimlər, həm də xəstələr mümkün qədər diqqətli və nizamlı olmalıyıq ki, gələcəkdə müsbət dinamika bizi sevindirməyə davam etsin".