“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəqəmsal innovasiyalar sahəsində atdığı addımlar böyük maraqla qarşılanıb.
ADY-nin ərsəyə gətirdiyi yeniliklər beynəlxalq arenada Azərbaycanın mövqeyini gücləndirən amil kimi dəyərləndirilir.
Milli Məclisin deputatı Hikmət Babaoğlu qurumun ölkənin siyasi və iqtisadi maraqlarını qoruyaraq, beynəlxalq tranzit və logistika sahəsində önəmli addımlar atdığını bildirib:
“Ölkə başçısının tranzit daşımalarının inkişafına dair verdiyi tapşırıqlara uyğun olaraq, ADY Azərbaycanın qlobal nəqliyyat qovşağına çevrilməsinə mühüm töhfələr verir. Bu proses, həm regional əməkdaşlığı gücləndirir, həm də ölkəmizin iqtisadi potensialını artırır.
ADY-nin həyata keçirdiyi rəqəmsallaşma layihələri Azərbaycanın tranzit əməliyyatlarını daha səmərəli və rəqabətqabiliyyətli etmək məqsədi daşıyır. Xüsusilə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində tətbiq edilən rəqəmsal texnologiyalar yüklərin daşınma prosesini sürətləndirir və şəffaflıq yaradır. Yüklərin real vaxtda izlənməsi və tariflərin avtomatik hesablanması kimi yeniliklər, müştərilərə daha çevik və səmərəli xidmət göstərməyə imkan verir. Bu cür inkişaflar, Azərbaycanın tranzit marşrutlarını həm regional, həm də qlobal miqyasda daha cəlbedici edir.
Hikmət Babaoğlu
Gömrük prosedurlarının optimallaşdırılması və tranzit yüklərin hərəkətindəki maneələrin aradan qaldırılması, Azərbaycanı Asiya və Avropa arasında əsas ticarət dəhlizlərindən birinə çevirir. Xüsusilə CIM/SMGS vahid yük qaiməsinin tətbiqi ilə sərhəd keçidləri daha səmərəli idarə olunur ki, bu da ölkəmizi beynəlxalq ticarətdə daha güclü tərəfdaş halına gətirir”.
Deputat Vüqar Bayramovun sözlərinə görə, ADY-nin həyata keçirdiyi layihələr, tranzit daşımalarının səmərəliliyinin artırılmasına və ölkəmizin regionda strateji mövqeyinin gücləndirilməsinə böyük töhfə verir:
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Prezident İlham Əliyevin tranzit daşımaları və nəqliyyat sahəsində imzaladığı sərəncamlardan irəli gələn strateji məqsədləri uğurla reallaşdırmaqdadır.