Nizami rayonunda baş vermiş partlayışla bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, oktyabrın 7-də, saat 13 radələrində paytaxtın Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən sexdə partlayış baş verməsi barədə Nizami rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı qeyd olunan ünvanda yerləşən sexin ərazisində, ümumi sahəsi təxminən 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayışın baş verməsi nəticəsində 2 nəfər şəxsin xasarət alması müəyyən olunub.
Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.
TƏBİB-dən bildirilib ki, bu gün saat 13:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, 8-ci köndələn küçəsində qazanxanada partlayış baş verməsi səbəbilə çağırış daxil olub.
Hadisə yerinə 4 təcili tibbi yardım briqadası cəlb edilib.
6 nəfər müxtəlif bədən xəsarətləri ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə hospitalizasiya olunublar. Onlardan 1 nəfərin vəziyyəti kritik ağır, 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir. Hazırda onların zəruri diaqnostik müayinələri aparılır.