Xəbər verdiyimiz kimi, Azərbaycan Quru Qoşunlarının 2-ci Ordu Korpusunda komandir dəyişikliyi olub. Korpusun komandiri general-leytenant Mayis Bərxudarov vəzifəsindən azad edilərək sərəncama götürülüb.
2-ci Ordu Korpusuna general-mayor Vilayət Bərxuda oğlu Quliyev komandir təyin olunub.
General Vilayət Quliyev əslən Cəbrayıl rayonunun Tinli kəndindəndir.
O, 2016-cı ilin aprel döyüşlərində Lələtəpənin azad olunmasında xüsusi qəhrəmanlıq göstərən hərbçilərdən biridir. O zaman polkovnik-leytenant rütbəsində xidmət edən Vilayət Quliyev Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.
Vilayət Quliyev 44 günlük Vətən müharibəsində də şücaətiyilə yadda qalıb. Belə ki, həmin vaxt polkovnik rütbəsində olan hərbçimiz Cəbrayıldan Şuşaya qədər şərəfli döyüş yolu keçib. Cəbrayıl, Füzuli, Hadrutun düşməndən azad olunmasında yaxından iştirak edib.
Vilayət Quliyev döyüşlərin gedişində ayağından qəlpə yarası almasına baxmayaraq, savaş meydanını tərk etməyib.
Daşaltı kəndinin, Şuşa şəhərinin azad edilməsində xüsusi rol oynayan zabitlərdən biridir.
Ali Baş Komandanın sərəncamı ilə 15 dekabr 2020-ci oldə ona 3-cü dərəcəli “Rəşadət” ordeni verilib.
25 dekabr 2020-ci ildə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Ölkə başçısının 24 iyun 2021-ci il tarixli sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli sərəncamı ilə Vilayət Bərxuda oğlu Quliyevə general-mayor ali hərbi rütbəsi verilib.