Prezident İlham Əliyev tərəfindən Cəbrayıl şəhərində təməli qoyulan “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksində gələcəkdə 300-ə yaxın sakinin işlə təmin edilməsi nəzərdə tutulur.
“Azərsun Holdinq”in rəsmisi Yalçın Xəlilov AzərTac-a bildirib, qazlı və qazsız su, soyuq çay, soyuq qəhvə, limonadlar, təbii meyvə şirəli içkilərin istehsal ediləcəyi müəssisənin illik istehsal gücü 250 milyon PET şüşə, 350 milyon alüminium tənəkə qutu təşkil edəcək. Ölkəmizdən valyuta axınının qarşısının alınmasına töhfə verəcək alkoqolsuz içkilərin istehsalı kompleksi müasirlik və dayanıqlılıq prinsiplərinə uyğun avadanlıqlarla təmin ediləcək.
“Müəssisədə alternativ enerji mənbələrindən istifadə olunacaq. Tam istehsal gücü ilə fəaliyyətə başladıqdan sonra kompleksdə Cəbrayıl şəhərinə qayıdacaq 300-ə yaxın sakinin işlə təmin edilməsi nəzərdə tutulur. Alkoqolsuz içkilərin istehsalı kompleksinin istismara verilməsi üçün ilkin mərhələdə 35 milyon manat həcmində investisiyanın qoyuluşu nəzərdə tutulur”, - deyə o əlavə edib.