Təhsili yeni çağırışlar müstəvisində müzakirə etsək, daha irəli getmək imkanı olacaq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə yeni çağırışlar adlı V beynəlxalq forumda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, Azərbaycan müəllimi, təhsil sahəsində olan mütəxəssislərin üzərinə ciddi yük düşür ki, təhsil sahəsində olan məişət xarakterli müzakirələrdən peşəkar elmi-tədqiqatlara əsaslanan platformaya gətirə bilək.
"Dünyanın təhsil sistemlərinin oxşar problemləri var. Bu ümumi problemlər müzakirə ediləndə müxtəlif həll yolları ortaya çıxır. Hər ölkənin də, təbii ki, özünəməxsus kontekstə uyğun həlləri var. Azərbaycanda təhsilin məzmunu, tədrisin keyfiyyəti, müəllimin səriştəsi əsas məsələdir", - nazir əlavə edib.
O qeyd edib ki, hamı ali təhsilə gəlməlidir deyə bir şey yoxdur:
"İnsanları ali təhsil almaları üçün məcbur etmək olmaz. Ali təhsil yalnız təhsil sisteminin növbəti bir pilləsidir. Bizim əsas hədəfimiz ali təhsilin keyfiyyətini artırmaqdır. Biz ali təhsilə girişi daraldıb çıxışı genişləndirməklə, yoxsa əksinə etməklə nailiyyət əldə edə bilərik? Düşünürəm ki, bu ciddi müzakirə mövzusudur. Universitetlərə imtahanla qəbul olmaq isə neqativ halların qarşısını almaq üçündür".