İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı sərhəd bölgəsində “məhdud, lokallaşdırılmış və hədəfli reydlər”ə başladığını elan edib. İsrail Beyrutun bir sıra məhəllələrinin boşaldılmasını istəyir.
Qeyd edək ki, sentyabrın 23-də İsrailin Ordusu paytaxt Beyrut daxil olmaqla Livana hava hücumları həyata keçirib. Nəticədə ölənlərin sayı 492-yə çatıb, azı 1645 nəfər xəsarət alıb. Bir sıra ölkələr vətəndaşlarının təxliyə edilməsinə hazırlıq görür.
Bəs, Azərbaycanın Livandakı səfirliyi və bu ölkədə yaşayan vətəndaşları təxliyə ediləcəkmi?
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb.
Qurumun mətbuat katibi Ayxan Hacızadə bildirib ki, təxliyə üçün müraciət daxil olmayıb:
"Azərbaycanın Livandakı səfirliyi fəaliyyətini davam etdirir. Livanda ümumiyyətlə qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayı cüzidir. Baş verən hadisələrdə yaralanan və ölənlər arasında azərbaycanlıların olub-olmaması barədə xəbər yoxdur. İndiki məqamda bu məlumatdan əlavə hər hansı bir şərhimiz yoxdur. Bizə təxliyə üçün müraciət daxil olmayıb".