Yaxın Şərqdə siyasi və həi gərginlik neftin qiymətinin artmasına səbəb olub.
Birjalarda noyabr fyuçersləri 51 sent və ya 0,71% artaraq 72,5 dollara yüksəlib.
Bahalaşmaya əsas səbəb kimi İsrailin Hizbullah və Husi qruplarına hücumlarını artırması göstərilir.
Qeyd olunur ki, bölgədə hərbi qarşıdurmaların genişlənməsi neft təchizatında çətinliklər yarada bilər.
Bu arada ABŞ-ın müdafiə naziri Lloyd Austin Yaxın Şərqdə hərbi əməliyyatların gücləndirilməsi ilə bağlı göstərişləri də gərginliyin artacağından xəbər verir ki, bu da xammal bazarlarına təsirsiz ötüşməyəcək.
Yaxın Şərqdə kəskinləşən münaqişə regional daşımalara birbaşa təhlükə yaradır.
Bu da bütün dünyada iqtisadi şəraiti dəyişə və çətinləşdirə bilər.
İnvestorlar tədarükün pozulması və qeyri-sabitlik şəraitində əmtəə qiymətlərini yüksəltməyə çalışır.
Hesab edilir ki, vəziyyət gərginləşərsə həm qiymətlər yüksələcək, həm də və fyuçers müqavilələrinin sayı artacaq.
Lakin beynəlxalq ekspertlər neftin qiymətinin kəskin şəkildə artacağını proqnozlaşdırmırlar.
Mütəxəssislərin fikrincə, indiki şəraitdə neftin qiymətinin 80 dolları keçməsi ehtimalı yoxdur. BCS World of Investments-in meneceri Vitali Qromadin bildirib ki, Yaxın Şərqdə münaqişənin kəskinləşməsi halında qiymətlərin artması istisna edilmir.
“Qiymətlər bir barel üçün 70-80 dollar arasında dar diapazonda qalacaq. Daha kəskin artımlar yalnız Yaxın Şərqdə dünya bazarına neft ehtiyatlarının tədarükünün azalmasına təsir edə biləcək münaqişənin kəskinləşməsi halında mümkündür”, - deyə Vitali Qromadin bildirib.
O hesab edir ki, inkişaf etmiş ölkələrin iqtisadiyyatında gözlənilən zəifləmələr tələbata təsir edə bilər.
Qiymətin 70 dollardan da aşağı düşmə ehtimalı yoxdur. Çünki OPEK ölkələri tarazlığı təmin etmək üçün zəruri addımlar atacaq və qiymətin davamlı olaraq 70 dollardan aşağı düşməsinə imkan verməyəcək.
Qeyd edək ki, 2024-cü ilin əvvəlindən Brent markalı neftin qiyməti 70-90 dollar/barel arasında dəyişib.
Aprel ayında maksimum qiymət - 93 dollar qeydə alınıb.
Sentyabrda qiymətlər qısa müddət ərzində 70 dollardan aşağı düşsə də bu eniş qısamüddətli olub.