Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daşkəsən rayonunda 27 Sentyabr – Anım Günü dərin ehtiramla qeyd olunub FOTOLAR

 
 
 
Sentyabrın 27-də Daşkəsəndə Anım Günü münasibətilə rayonun 2000-dən çox sakini gün ərzində Daşkəsən Şəhidlər Xiyabanını ziyarət edib.
 
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Şəhidlər Xiyabanındakı əbədi məşəlin önünə əklil qoyub. 
 
İcra başçısı Orxan Abbasov ümumrayon tədbirində nitq söyləyib. O, çıxışında deyib:
 
-Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhid əsgər və zabitlərimizin əziz xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq Vətən müharibəsinin başladığı sentyabrın 27-si tarixi Anım Günü kimi Azərbaycanın bütün ərazi, bölgələrində, şəhər və rayonlarında, o cümlədən Daşkəsən rayonunda qeyd olunur.
 
Bu Anım Günündə Şəhidlərimizin ruhuna dualar oxunur, onların əziz xatirəsi ehtiramla yad edilir.
 
Unudulmaz tarixi qəhrəmanlıq göstərən şəhidlərimizə Allah rəhmət eləsin!
 
Vətən torpağı uğrunda şəhid olanların valideynləri qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.
 
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində igidlik, mərdlik, böyük qəhrəmanlıq göstərərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu, şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı. Uzun illər beynəlxalq təşkilatların, bəzi böyük dövlətlərin himayə etdiyi işğalçı Ermənistan Azərbaycan Prezidentinin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü. Bu tarixi zəfər eyni zamanda Ulu Öndər Heydər Əliyevin memarı olduğu Prezidentimiz cənab İlham Əliyevin ölkəmizdə bütün sahələr üzrə böyük uğurla həyata keçirdiyi inkişafın, xüsusilə də ordu quruculuğunda əldə olunan böyük nailiyyətlərin nəticəsidir.
 
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının uğurla icra edildiyi Qarabağ Azərbaycan xalqı üçün daha arzu deyil, reallıqdır. Bu reallığı yaradan və qələbəmizi təmin edən Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, fədakar qalib ordumuzun əsgər və zabitlərinə, qazilərimizə, bütün şəhidlərimizə daşkəsənlilər adından sonsuz minnətdarlığımızı dərin ehtiramla bildiririk.
 
Vətən müharibəsində sərhəd bölgəsində yaşayan igid daşkəsənlilər də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə istər ön cəbhədə, istərsə də arxa cəbhədə fəal iştirak etmiş, yüzlərlə gəncimiz qəhrəmancasına vuruşmuş, şücaət göstərmiş, onlardan 34 nəfəri müqəddəs şəhidlik zirvəsinə ucalmışdır.
 
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamları ilə şəhidlərimiz  çoxsaylı orden və medallarla təltif olunmuşlar. Ölkəmizdə bütün sahələr üzrə görülən işlərə, o cümlədən şəhid ailələrimizə, qazilərimizə göstərilən yüksək diqqət və qayğıya, həssas münasibətə görə bütün daşkəsənlilər adından ölkə rəhbərimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya bir daha minnətdarlığımızı bildiririk.
 
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur.
 
Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır!
 
Allah bütün şəhidlərimizə rəhmət eləsin, əziz ruhları şad olsun! 
 
Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin dediyi kimi: “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
 
Sonra icra başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, hərbçilər, müharibə veteranları, qazilər, ictimaiyyət nümayəndələri və sakinlər qəmli musiqi sədaları altında şəhid məzarlarına gül düzüblər, ruhlarına dərin hörmət və ehtiram ifadə ediblər. 
 
Rayon rəhəbəri Orxan Abbasov həmçinin rayonun şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
 
Anım Günündə Orxan Abbasov şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları və qazilərlə birgə rayonun Şəhidlər Xiyabanı ərazisində şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirib, əkilmiş ağaclara qulluq göstərilməsinə dair tapşırıqlarını verib.
 
Saat 12:00-da rayon ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də