Bu həftədən etibarən dəmiryolu sərnişinləri ödədiyi vəsaitin bir hissəsini geri almaq imkanı qazanıblar.
Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, dəmiryolu xidmətində 3.0 faiz keşbekin tətbiq olunması və eləcə də daha erkən alınan biletlərə 15.0 % endirimin tətbiq edilməsi stimullaşdırıcı tədbirlərdəndir:
"Yəni, artıq dəmiryolu xidmətlərindən istifadə zamanı ödənilən vəsaitin bir hissəsi geri qaytarılacaq. Sərnişinlərin hesablarına keşbek ödənişləri daxil olacaq. İki gün əvvəl test rejimində tətbiqinə başlanılan loyallıq proqramı ilə şəhərətrafı qatarlarla səfər edən sərnişinlər “ADY Mobile” tətbiqi vasitəsilə gedişlər üzrə 3% keşbek və eləcə də sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazanacaqlar.
Bu sektorda dinamik qiymət siyasətinin tətbiqi də təqdirəlayiqdir. İnkişaf etmiş ölkələrdə qatar ilə səfər edənlər üçün tələbdən, o cümlədən mövsümdən asılı olaraq fərqli qiymətlər təklif olunur. Yəni, fiks (sabit) qiymət deyil, tələbə bağlı dəyişən qiymət siyasəti var. Azərbaycanda bu sistemə noyabrın
1-dən keçiriləcək. Yeni qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişə biləcək. Bilet satış sisteminə inteqrasiya edilmiş texnologiyalar sayəsində sərnişinlərə real vaxtda qiymətləri izləmək və ən uyğun səyahət vaxtını seçmək imkanı yaradacaq. Artıq səfərə 25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15% endirimdən yararlana biləcəklər. Həm keşbek, həm endirimli və dinamik qiymətlər Azərbaycan dəmiryolu xidmətləri üçün vacib yeniliklərdir. Təbii ki, bu sahədə islahatların dairəsinin daha da genişlənəcəyi gözləniləndir. Yeni dövrün yeni tələbləri daha dinamik idarəetmə və təşviq siyasətini prioritetləşdirir".