RegionTV.info xəbər verir ki, bununla bağlı KONKRET.az-ın sualını cavablandıran Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli bildirib ki, Laçın dəhlizinin indiki statusu 10 noyabrda imzalanan bəyannamə ilə tənzimlənir: “Həmin bəyannamədə bu, digər məsələlərlə bərabər öz əksini tapıb. Burada əsas diqqət çəkən Mehri koridorudur ki, biz oradan Türkiyəyə və Naxçıvana rahat gedib-gələ bilək. Ona görə də Azərbaycan Laçın dəhlizinə nəzarəti tamamilə əlinə keçirsə, o zaman həm Mehri dəhlizi, həm də altından imza atdığı digər məsələləri unuda bilər. Bu isə uzaq prespektivdə bizə elə də sərf eləmir. Yəni Mehri koridorundan Azərbaycanın və Türkiyənin arzuladığı formada istifadəsi mümkün olmasa, onda nə bəyannamənin, nə də Laçın koridorunun əhəmiyyəti qalır. O zaman da ermənilər Laçın dəhlizini unuda bilərlər”.
Anar Əsədli vurğulayıb ki, hər iki ölkə imzasıyla üzərinə götürdüyü öhdəliklərə məsuldur: “Bu o deməkdir ki, Azərbaycanla Ermənistan arasında daimi sülhün imzalanmasına qədər Laçın dəhlizinə hələlik Rusiya sülhməramlıları, Mehri yoluna isə Rusiyanın sərhəd xidməti nəzarət edəcək. Və əgər biz Laçın dəhlizinə tam nəzarət etmək istəyiriksə, o zaman və ondan əvvəl əldə olunası vacib məsələlər var.
Birincisi, Xankəndi və digər ərazilərdə Azərbaycanın suveren idarəçiliyi bərpa olunmalıdır. İkincisi, Ermənistan özünün İranla sərhədini özü qorumalıdır və rusiyalı sərhədçiləri oradan uzaqlaşdırmalıdır. Üçüncüsü, Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar getməli və son sülh müqaviləsi imzalanmalıdır. Belə olan halda biz ermənilərə Laçın dəhlizindən, onlar da bizə Mehri dəhlizindən istifadəyə tam təminat verə bilər. O vaxta qədər isə vasitəçilərin və sülhməramlıların iştirakına qarşı nəsə etmək real görünmür. Təbii, əgər sülhməramlılar həddlərini aşmazlarsa və razılaşmalara əsasən sahib olduqları səlahiyyət çərçivələri daxilində fəaliyyət göstərərlərsə”.