Sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclası keçirilib. İclas zamanı parlament sədri, vitse-spikerlər, komitə sədrləri və onların müavinləri seçilib.
İclasda Prezident İlham Əliyev də iştirak edib. Dövlət başçısı iclas zamanı geniş və dolğun məzmunlu nitq söyləyib.
Sosial şəbəkələrdə iclasdan görüntülər yayılıb. Həmin görüntülərdə bəzi deputatların iclas zamanı mürgülədiyi diqqət çəkir. Deputatların VII çağırış Milli Məclisin elə ilk iclasında, həm də Prezidentin çıxış etdiyi məqamda yuxulaması ciddi müzakirələrə və tənqidlərə səbəb olub.
Maraqlıdır, Milli Məclisin İntizam Komissiyası sözügedən hadisə ilə bağlı hansısa addımlar atacaqmı?
Milli Məclisin İintizam Komissiyasının üzvü Nəsib Məhəməliyev bildirib ki, hansısa deputatın yorğunluqdan mürgüləməsindən danışmaqdansa, Prezidentin geniş məzmunlu çıxışından bəhs etmək lazımdır:
"VII çağırış Milli Məclisin ilk iclası keçirildi və iclasda cənab Prezident İlham Əliyev də iştirak etdi. Prezidentimiz ölkə qarşısında duran ən aktual məsələlərə aydınlıq gətirdi. Kifayət qədər ətraflı, məzmunlu çıxış oldu. Dövlər başçısının çıxışında həm dostlarımıza, həm də düşmənlərimizə, Milli Məclisin üzvlərinə mesajlar verildi. Daha çox bundan danışmaq lazımdır, nəinki Milli Məclisdə iclas zamanı hansısa deputatın yorğunluqdan mürgüləməsindən".
N.Məhəməliyev deputatların yuxulamasının insanlıq halı olduğunu və İntizam komissiyasının bu barədə məsələ qaldırmasına ehtiyac duyulmadığını vurğulayıb:
"Ola bilsin ki, gecə yatmamışdılar. Həmin gecə kifayət qədər həyəcan ola bilərdi. Bəlkə hansısa digər səbəbdən də mürgüləmə halları baş verib. Heç kimə belə bir şey arzulamıram. Buna normal, təbii yanaşmaq lazımdır. Bu məsələ Milli Məclisin İntizam komissiyasının predmeti deyil. Belə məsələyə görə hansısa deputatla bağlı müzakirə açmağın heç yeri yoxdur. Belə hallar Birləşmiş Millətlər Təşkilatının Baş Assebliyasında da ola bilər. Bu məsələ fərdidir. İnsan robot deyil ki, işə salıb konkret müddət ərzində ona verilən tapşırıqları yerinə yetirməsinə nail olasan. Digər tərəfdən, uyğun olmayan zaman kamera konkret kiminsə üzərinə düşə və ani göz qırpımı da qeydə alına bilər. Bu məsələlərə görə insanları, ələlxüsus da seçilmiş deputatları ittiham etmək düzgün deyil. Arzu edərdim ki, jurnalistlər deputatların iclas zamanı ani yorğunluqdan baş verən hallarına deyil, fərdi fəaliyyətlərinə, iş əmsalının keyfiyyətinə fikir versinlər".