Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

20 sentyabr qeyri-iş günü olacaq? - Deputat və ekspert fərqli fikirdədir

20 sentyabr qeyri-iş günü olacaq? - Deputat və ekspert fərqli fikirdədir

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

Dövlət Suverenliyi Gününün ölkəmizdə iş günü hesab edilib-edilməməsi müzakirə edilir.

 Sözügedən sərəncamdan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb. Nazirlər Kabinetindən isə sorğuya cavab olaraq bildirilib ki, 20 sentyabr hələlik iş günü hesab edilən bayram günü olacaq.

 Azərbaycanda qeyri-iş günləri Əmək Məcəlləsinə əsasən tənzimlənir. Məcələyə dəyişiklik etmək isə Milli Məclisin səlahiyyətindədir.

 Məcəlləyə əsasən, Azərbaycanda Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Müstəqillik Günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Zəfər Günü, Azərbaycan Respublikasının Dövlət bayrağı günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı günləri iş günü hesab edilmir.

 İqtisadçı ekspert Eldəniz Əmirov 20 sentyabr tarixinin qeyri-iş günü olmasını təklif edir.

 "2016-ci ilin aprel ayında ilk qığılcımları başlayan, 2020-ci ilin 44 günü ərzində zirvəyə yüksələn Azərbaycanın suverenliyi uğrunda dövlətin şərəfli mübarizə məhz 20 sentyabrda uğurla tamamlandı. Ölkəmiz prinsipial, iradəli və sözündən dönməyən sərkərdənin qətiyyətilə qalıq ünsürlərdən tamamilə təmizləndi.  Sonuncu dəfə nə vaxt 86,6 min kv.km ərazinin hamısına nəzarət edə bilmişik? 1 günün içində müvafiq qanunvericilik aktlarında dəyişiklik etmək mümkün olmadığı üçün bu gün iş günü olması başa düşüləndir. Lakin Dövlət Suverenliyinin 2-ci il dönümünə qədər məsələnin qanunvericilik tərəfləri öz həllini tapacaq", - o qeyd edib.

 Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə fərqli fikirdədir. 

 "Bu günün qeyri-iş günü elan olunması nəzərdə tutulmayıb. Çünki bizim Dövlət Müstəqilliyi Günü qeyri-iş günüdür və ondan sonra əsas Dövlət Müstəqilliyi Günü bizim üçün ən öndə olan bir tarixdir. Onunla müəyyən mənada çiyin-çiyinə boy göstərəcək günlərimiz var ki, qeyri-iş günüdür. Bunun da məqsədəuyğunluğuna baxılmalıdır. Hansı formada bunu təqdim etmək daha doğru olar. Mənim fikrimcə, bayramların sayı çox ola bilər, amma bunların hamısını qeyri-iş günü kimi qeyd etmək bir az müəyyən problemlər yaradır. Çünki qeyri-iş günlərinin sayını təqvimdə hədsiz çoxaltmaq olmaz, o baxımdan da elə Dövlət Müstəqilliyi Günü qeyri-iş günüdür, amma qalan günlər isə məncə iş günü olsa da, bayram kimi qeyd oluna bilər", - deyə Fazil Mustafa "redaktor.az"a açıqlamasında bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də