Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələrindən narazı qalanların apellyasiya şikayətlərinə baxılır.
Bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib.
MİQ-in müsahibə mərhələsində uğur qazanmayan namizədlər 27 avqust saat 18:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərdilər. Apellyasiya müraciətlərinin qəbulu 28 avqust saat 18:00-da başa çatıb.
İnsan Resursları Mərkəzindən qeyd edilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri barədə məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Apellyasiya müsahibələri 3 sentyabr tarixində onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq. Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunacaq tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.
MİQ-in müsahibə mərhələsində uğur qazanmayan 341 müəllimdən 287-si apellyasiyaya müraciət edib.
Xatırladaq ki, MİQ-in 14-22 avqust tarixlərində təşkil olunan müsahibə mərhələsində 4658 nəfər uğur qazanıb.