İllərdir həsrətlə gözlədiyimiz Qarabağımızın artıq dirçəldiyini görmək necə qürurverici hissdir. Bir zamanlar Xankəndi Universiteti kimi tanınan, neçə-neçə akademiki, alimi, müəllimi yetişdirən universitet, bu gün Qarabağ Universiteti kimi küllərindən doğularaq ilk tələbələrini qəbul edir.
"azedu.az"a danışan Səma Əzimli Yardımlı rayonu Bozayran kənd tam orta məktəbinin məzunudur. O, bu il ali məktəblərə qəbul imtahanında 625,9 bal toplayaraq Qarabağ Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul olub.
Səma bildirir ki, onun arzusu Qarabağda prokuror olmaqdır:
“Mənim uşaqlıq arzum hüquq üzrə təhsil almaq idi. Qarabağ Universiteti yaranmamışdan əvvəl Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında oxumaq istəyirdim. Ora mənə cəlbedici gəlirdi, amma Qarabağ Universiteti yaranandan sonra artıq orada təhsil almağı qarşıma hədəf kimi qoydum.
Düşünürəm ki, Yardımlıdan Bakıya getməklə, Qarabağa getmək eyni məsafə uzaqlıqdadır. Məhz Qarabağda oxumaq xəyalım olduğu üçün ailəm də mənə dəstək oldu. 6-cı sinifdən bəri baxdığım filmlərdə hüquqşünas obrazı mənim idealıma çevirilmişdi. Nəhayət idealım özüm oldum. Məqsədim Qarabağda prokuror olmaqdır. Zənnimcə Qarabağ ərazisində işləmək daha məqsədəuyğundur. Çünki oranın hər sahədə irəliləyəcəyinə əminəm.