Bosniya və Herseqovinanın qərbində - Srebrenitsada törədilmiş soyqırımında qətlə yetirilmiş daha 14 nəfər dəfn ediləcək.
Qətliam zamanı öldürülən və kimlikləri müəyyənləşdirilən 14 nəfər iyulun 11-də - soyqırımının 29-cu ildönümündə Potoçari Memorial Qəbiristanlığında keçiriləcək anım mərasimində dəfn ediləcək. Həmçinin daha əvvəl qəbiristanlıqda dəfn edilmiş 78 soyqırımı qurbanının məzarı açılacaq və ötən müddətdə onlara aid tapılan yeni sümük qalıqları məzarlara əlavə olunacaq.
Qeyd edək ki, BMT Baş Assambleyası iyulun 11-ni Srebrenitsa Soyqırımını Anım Günü kimi qəbul edib.
Xatırladaq ki, 1995-ci ilin iyulunda Srebrenitsa şəhərində və ətraf bölgələrdə bir neçə gün ərzində törədilən soyqırımı 8372 günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Mülki insanlar, xüsusilə də qadınlar və uşaqlar serb millətçiləri tərəfindən vəhşicəsinə öldürülüb, hadisə qurbanları kütləvi məzarlıqlarda basdırılıb. Potoçari Memorial Qəbiristanlığında indiyədək 6751 nəfər dəfn edilib. Soyqırımı qurbanlarının 1600-dən çoxunun cəsədi isə hələ də tapılmayıb. Srebrenitsa soyqırımı qurbanlarının sümükləri tapılan və şəxsiyyəti müəyyən edilənlərin cəsədləri 77-si kütləvi məzarlıq olmaqla 150 müxtəlif yerdən çıxarılıb.