44 günlük İkinci Qarabağ Savaşı əsnasında sürəkli olaraq "Azərbaycan ordusu Şuşanı fasiləsiz bombalayır, raketlərlə vurur" açıqlamaları ilə çıxış edən Ermənistan rəsmilərinin ağ yalan danışdıqlarını elə özləri etiraf ediblər.RegionTV.info "Milli.Az"-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət İdarəsinin sabiq rəisi Movses Hakopyan demişdi ki, müharibə günlərində erməni tərəfi "İsgəndər" operativ-taktiki raket kompleksindən istifadə edib.
"Bilirəm ki, "İsgəndər"dən istifadə olunub, amma harada, hansı istiqamətdəki hədəfə qarşı - deyə bilmərəm", - M.Hakopyan söyləyib.
Ermənistandakı "Adekvad" siyasi hərəkatının lideri Artur Danielyan isə bəyan edib ki, Ermənistanın Müdafiə Nazirliyi "İsgəndər"dən noyabrın 7-də istifadə edib.
"Raket həmin gün səhər 09.00-da Şuşaya atılmışdı. Guya azərbaycanlı hərbçiləri vurmaq istəyiblər. Amma raket Şuşaya yox, şəhərin yaxınlığına, erməni hərbçilərin çox olduğu yerə düşüb", - A.Danielyan bildirib.